Ulu Öndər xalqın yaddaşında həmişə yaşayacaq

Hit: 1210
Ulu Öndər xalqın yaddaşında həmişə yaşayacaq

“Ulu Öndər Heydər Əliyevin Ali Sovetin sədri kimi 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərini icra etməyə başlaması xalqımıza nicat yolunu göstərdi”

Azərbaycanda vətəndaş müharibəsinin və müstəqilliyin itirilməsi təhlükəsinin labüd olduğu 1993-cü ilin may-iyun aylarında xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdu. 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçilən Heydər Əliyev  həmin gün parlamentin  tarixi iclasında  demişdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır.”
 
Ömrünün qalan hissəsini də xalqına xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlərin  görülməsinə başlandı.
 
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, milli iradənin təntənəsi və artıq ölkə həyatının bütün sahələrinin dövlətin nəzarəti altına götürülməsi demək idi.
 
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələrinə yeni nəfəs gəldi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi  və şəhid ailəsinə edilən  güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Ölkədə separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. 
 
Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun Milli Məclisdəki fəaliyyəti parlamentin üzvləri  üçün yeni bir nümunə, əsl parlamentarizm məktəbi idi.
 
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında dayanan strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. Qısa müddətdə ölkəyə investisiya axını stimullaşdırıldı, müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olundu.
 
1993-cü ildən başlayaraq, ölkəmizdə müasir dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.
 
Bu gün əminliklə deyə bilərik ki, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi ölkəmizi bir dövlət olaraq zamanın ağır və sərt sınaqlarından çıxarmış dahi sərkərdədir.
 
Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi həmişə yaşayacaqdır. 
 
Deputat Jalə Əhmədova
 








Redaktorun seçimi