“Prezident İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”

Hit: 1096
“Prezident İlham Əliyevin Rize-Artvin hava limanının açılışında iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”
Azərbaycan və Türkiyə dost, qardaş və rəsmi müttəfiq. Bu vaxta qədər çox böyük sınaqlardan keçən bu iki ölkə dünya miqyasında bir-birinə ən yaxın müttəfiqə çevrilib. Iki ölkə arasında münasibətlər ən yükək səviyyədədir və bu gün həqiqətən də dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur.  Dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı bunu bir daha təsdilədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi. Bu mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də”.
 
Bundan əvvəl Türkiyə Prezidenti işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edib,  Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib, eyni zamanda iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanıb. Tarixi əhəmiyyət daşıyan Şuşa bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki qardaş dövlətin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
 
Azərbaycan və Türkiyə həm də çətin günlərdə bir yerdədir. İkinci Qarabağ savaşında ilk saatlardan son günə qədər qardaş Türkiyə yanımızda idi. Bu mənada əslində İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. “Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”, - deyə Prezident İlham Əliyev Rize-Artvin hava limanının açılış mərasimindən bir daha bəyan etdi.
 
Türkiyə həm də Qarabağın bərpasında Azərbaycanla bir yerdədir.  Bir çox Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Dövlət başçımızın da söylədiyi kimi, bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.
Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə  iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.







Redaktorun seçimi