Şuşa mədəniyyət paytaxtı kimi müxtəlif mədəniyyətləri birləşdirir

Hit: 1354
Şuşa mədəniyyət paytaxtı kimi müxtəlif mədəniyyətləri birləşdirir
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq 5-ci Xarıbülbül festivalı keçirilir. Bu, Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, ənənələrimizin bərpası olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə dünya folklor nümunələrinin təqdimatıdır. Ötən il uzun fasilədən sonra keçirilən festival şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Bu il isə Şuşa ilinə həsr olunan beynəlxalq folklor festivalını izləyirik. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə bu şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etməklə bu ərazilərə yeni nəfəs gətirdi.
 
Xarıbülbül festivalı həqiqətən də bizim üçün qayıdış və ləyaqət bayramıdır. Bu gün Qarabağın bərpası tarixi torpaqlarımızda mənəvi dəyərlərimizin bərpası ilə paralel aparılır. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz dəyərlərimizə, tarixi köklərimizə bağlı olduğumuzu bir daha sübut etdik. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir. Şəhərin hər qarışında millilik var. Şuşa bu illər ərzində Azərbaycan ruhunu qoruyub saxlayıb. Şəhərin bütün abidələrini orijinal üslubda bərpa etməklə bir daha dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu sübut edirik. Bu il həm də Şuşanın 270 illiyini qeyd edirik. Üç əsrə yaxın yaşı olan Şuşa hər zaman Azərbaycana məxsus olub. Bərpa prosesindən sonra da Şuşanın hər qarışında böyük qələbəmizin izini, rəmzini görəcəyik.
 
Şuşa mədəniyyət paytaxtı kimi Xarıbülbül festivalı vasitəsilə müxtəlif mədəniyyətləri birləşdirir. Azərbaycanın mədəniyyət paytaxtından dünyaya sülh mesajları ötürülür. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərir. Biz Şuşaya və ümumilikdə Qarabağa qayıtmaqla bölgəyə rifah gətiririk. Bu gün Şuşadan, Cıdır düzündən yayılan musiqi sədaları bir daha göstərir ki, ölkələr belə inkişaf etməlidir. Bir daha Azərbaycanın nümunəsində dünya görür ki, çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik və sülh olur.
 
Könül Nurullayeva, 
Milli Məclisin deputatı








Redaktorun seçimi