Millət vəkilindən əmək hüquqlarına dair vacib - TƏKLİFLƏR

Hit: 729
Millət vəkilindən əmək hüquqlarına dair vacib - TƏKLİFLƏR
Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən biridir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.
 
Bu tədbirlərin tərkib hissəsi kimi əmək hüquqları sahəsində mövcud hüquqi bazanın təkmilləşdirilməsi və bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi çox mütərəqqi xarakter daşıyır.”
 
Mili Məclisin deputatı Könül Nurullayeva MM-in plenar iclasında çıxışı zamanı belə deyib.
 
Bildirib ki, Əmək Məcəlləsində nəzərdə tutulan tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları siyahısında işçinin vəfat etməsi halı ilə yanaşı, işəgötürənin vəfat etməsi, həmçinin həm işçinin, həm fiziki şəxs olan işəgötürənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsinin müəyyənləşdirilməsi çox doğru addımdır. K.Nurullayeva beynəlxalq təcrübəni də xatərladıb: “Digər ölkələrin qanunvericilik təcrübəsində də biz bu hallara rast gəlirik. Məsələn, Rusiya, Qazaxıstan və digər MDB ölkələrinin qanunvericiliyində həm işçi, həm də fiziki şəxs olan işəgötürənin vəfat etməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi özlüyündə əmək müqaviləsinin xitamı üçün əsas kimi göstərilmişdir. Digər tərəfdən, Türkiyə Respublikasının əmək qanunvericiliyində əmək müqavilələrinə işəgötürənin ölümü ilə xitam verilməsinin mümkünlüyü qeyd olunmuşdur. Belə ki, əgər əmək funksiyası işəgötürənin şəxsiyyəti ilə sıx bağlıdırsa, bu zaman işəgötürənin ölümü ilə əmək müqaviləsinə xitam verilir. Digər halda isə işəgötürənin ölümü əmək müqaviləsinin xitamı üçün əsas hesab olunmur. Məsələn, yataq xəstəsinə qulluq edən şəxslə bağlanmış müqavilə işəgötürənin şəxsiyyəti ilə sıx bağlı olduğundan bu zaman işəgötürənin ölümü ilə əmək müqaviləsinə xitam verilməldir. Ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin əmək müqaviləsi bağladığı işçinin müqaviləsinə işəgötürənin ölümü ilə xitam verilmir. Bu zaman hüquq və vəzifələr işəgötürənin vərəsəsinə keçmiş hesab olunur və işçi əmək funksiyasını davam etdirmiş olur. Bu baxımdan, təklif olunan layihədə müvafiq hallarda fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə nəzarət edən orqana müraciəti əsasında xitam verilməsinin mümkünlüyü işçinin əmək hüququnun məhdudlaşdırılmasının qarşısının alınmasında mühüm rol oynayır”. 
 
K.Nurullayeva hesab edir ki, əmək müqaviləsinə xitam verildiyi tarixin işəgötürənin xəbərsiz itkin düşümüş və ya ölmüş elan edilməsi halında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, işəgötürən vəfat etməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyi halda isə işəgötürənin vəfat etdiyi tarix kimi qeyd olunması məsələyə daha da aydınlıq gətirərdi. Onun sözlərinə görə, işçinin əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edən orqana bununla bağlı müraciəti mexanizminin müəyyənləşdirilməsinə də ehtiyac var: “Hesab edirəm ki, qeyd olunan dəyişiklik qəbul olunduğu təqdirdə işəgötürənin vəfatı, xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilmiş hallarda da işçinin Konstitusiyada təsbit edilmiş  şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ real şəkildə təmin olunacaq, bu sahədə məhkəmə mübahisələrinin qarşısının alınmasına gətirib çıxaracaq.”







Redaktorun seçimi