Adil Əliyev: Soçi görüşü Ermənistan üçün acı həqiqət anı oldu

Hit: 615
Adil Əliyev: Soçi görüşü Ermənistan üçün acı həqiqət anı oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 26-da Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda keçirilən görüşü Yerevan üçün acı həqiqət anı oldu.
 
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
 
Adil Əliyev Ermənistan rəhbərliyinin Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlanılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı birmənalı olmayan, ziddiyyətli bəyanatlar verərək məsələni uzatmağa çalışdığını xatırladaraq bildirib: “Ermənistan hər vəchlə “dəhliz” ifadəsinin işlədilməsinə və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş silahlı təxribatlar da bu məqsədi güdürdü. Digər tərəfdən isə, mövzunu Rusiya-Ermənistan-Azərbaycan formatından çıxararaq Qərbi, o cümlədən Avropanı prosesə cəlb etməklə danışıqlar platformasını dəyişməyə, ATƏT-in Minsk Qrupunu yenidən dirçəltməyə və vaxt qazanmağa cəhd edirdi”.
 
Milli Məclis sədrinin müavini vurğulayıb ki, amma Soçidə üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış 26 noyabr bəyanatı rəsmi Yerevanın bu cəhdlərinin uğursuzluğa düçar olduğunu göstərdi.
 
Nikol Paşinyanın da imzaladığı bəyanatda deyilir ki, nəqliyyat və dəmir yollarının açılması ilə bağlı konkret layihələrin həyata keçirilməsi üçün tədbirlərin görülməsi zərurətdir. Bu isə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində irəliyə atılmış daha bir müsbət addımdır. Mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsini bir neçə dəfə işlətdi.
 
“Rusiya Prezidenti Nikol Paşinyanı ikitərəfli formatda qəbul edərkən bildirdi ki, üçtərəfli görüşün məqsədi gələcəkdə Ermənistanla Azərbaycan arasında baş verə biləcək faciəli hadisələrin qarşısını almaqdır. Bu, Yerevana Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və onların Ermənistanın özü üçün faciəvi nəticələr verə biləcəyi ilə bağlı bir xəbərdarlıq kimi dəyərləndirilməlidir.
 
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Vladimir Putin müzakirə edilən məsələlərlə bağlı Ermənistan və Azərbaycan liderlərinin dekabrın 15-də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində keçiriləcək Brüssel görüşünə qədər konkret addımların atılmasının vacib olduğunu qeyd etdi. Bununla Rusiya Prezidenti Ermənistanın məsələni uzatmamalı, konkret işlər görməli və danışıqlar platformasını dəyişməməli olduğunu Nikol Paşinyanın nəzərinə diplomatik şəkildə çatdırdı”.
 
Adil Əliyevin sözlərinə görə, Azərbaycanın üstünlüyü ondadır ki, onun mövqeyi həm Rusiyanın vasitəçilik etdiyi üçtərəfli formatda, həm də Avropa platformasında Ermənistandan güclüdür. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə, o cümlədən əsas ticarət tərəfdaşlarımızdan biri olan İtaliya ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayıb. Avropa İttifaqının aparıcı iqtisadi gücü olan Almaniya Ermənistan-Azərbaycan münaqişəsində neytral mövqe nümayiş etdirdi və rəsmi Berlin ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bir müddət əvvəl Almaniya Kansleri Angela Merkel ərazi bütövlüyünün pozulmasını qınayaraq bildirmişdi ki, bu, Qarabağ müharibəsinə səbəb oldu.
 
ABŞ Prezidenti Co Baydenin Ermənistanın baş naziri Nikol Paşinyanı “Demokratiya sammiti” adlı tədbirə dəvət etməsi də Moskvanı qıcıqlandırır. Ermənistan Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının bu tədbirə qatılacaq yeganə üzvüdür. Belə jestlər və manevrlər Rusiya hakim dairələrində Ermənistana qarşı yaranmış etimadsızlıq mühitini daha da artırır”.
 
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, bu fonda Azərbaycan Prezidenti İlham Əliyevin ustalıqla apardığı və beynəlxalq ziddiyyətlərdən milli mənafelərimiz naminə məharətlə istifadə edən yetkin xarici siyasəti sayəsində ölkəmizin nüfuzu və bizə olan etimad dünyanın müxtəlif siyasi qütblərində və paytaxtlarında hörmətlə qarşılanır və Azərbaycanla hesablaşırlar. Soçi görüşünün nəticələri bu hörmət və nüfuzun daha bir təzahürüdür.







Redaktorun seçimi