Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı

Hit: 754
Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı

Tahir Budaqov, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri

Tarixi təcrübə hər bir xalqın siyasi taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisə və proseslərin olduğunu təsdiqləyir. Zəngin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə malik olan, bir əsrdə iki dəfə müstəqillik qazanmış, bəşər sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı da bu baxımdan istisna deyil.
 
Adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal - müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq, taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanına çevrildiklərinin, necə böyük faciə və fəlakətlərlə üzləşdiklərinin şahidi olmuşuq. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.
 
Ümumxalq partiyasının yaradılması - müstəqil dövlətçiliyimizin dönüş nöqtəsi
 
Həmin dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Siyasətçilərin, siyasi analitik - ekspertlərin, ziyalıların, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların dilindən tez-tez belə bir ifadə eşidirik: “YAP ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır”. Əlbəttə, bu, ictimai-siyasi və tarixi reallığı əks etdirən, tamamilə doğru və dəqiq yanaşmadır. İnkaredilməz həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi - əyani ifadəsi idi. 91 nəfər ziyalının imzaladığı müraciətdə “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”,- deyə vurğulanmışdı. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.
 
Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, - deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın keçdiyi tarixi yoldan danışarkən bu məqamlara toxunaraq deyib: “Partiyanın çox böyük tarixi var, partiya Ulu Öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizə müxalifət partiyası olaraq başlamışıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak edib. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır”.
 
Xalq-Lider vəhdəti - yeni Azərbaycan quruculuğu
 
Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.
 
Hələ yarandığı vaxt öz məqsədyönlü, nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirən Yeni Azərbaycan Partiyası yeni siyasi mədəniyyət nümunəsi ortaya qoydu. YAP nümayiş etdirdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq üçün deyil, iqtidar partiyası kimi fəaliyyət göstərmək, hər şeydən əvvəl, məhz xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmalıdır. Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin institusional sütunlarından olan siyasi sistemin təşəkkül tapması baxımından da əlamətdar idi. Çünki o zamana qədər Azərbaycanda sivil siyasi münasibətlərdən - siyasi qüvvələr arasında inkişafa xidmət edən sağlam rəqabətdən, milli məsələlərə rasional və konstruktiv yanaşmadan söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyası məhz bu ictimai-siyasi ənənələri yaratdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə, əslində, siyasi sistemin yaradılması demək idi: “Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
 
YAP-ın zəngin və şərəfli tarixi - müstəqil Azərbaycanın inkişaf salnaməsi
 
Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 29 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 760 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
 
Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm
 
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi. Zaman Ümummilli Liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla - yüksələn xətt üzrə davam edir.
 
Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu isə dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Reallıqlar isə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.
 
Gənclərin vahid seçimi - üçüncü minilliyin və gələcəyin partiyası
 
Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Partiyamızın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Bunun nəticəsi özünü gənclərin Yeni Azərbaycan Partiyasına daimi və sürətli axınında göstərir.
 
Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiyamız tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə vacib töhfələr verir. Dünya azərbaycanlılarının, o cümlədən mütərəqqi qüvvə olan gənclərin milli ideologiyanı əxz edərək yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın bu istiqamətdə məqsədyönlü fəaliyyətinin müstəsna rolu var. Bu, həmçinin Azərbaycanın sabitlik adası və təhlükəsizlik məkanı kimi sürətli və dayanıqlı inkişafına etibarlı zəmin yaradır. Prezident, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
 
Əlbəttə, yenilikçi və fəal qüvvə olan, daim irəliyə baxan və perspektivi düşünən təbəqənin - sağlam düşüncəli gənclərin vahid seçiminin Yeni Azərbaycan Partiyası olması təsadüfi deyil. Çünki vətəndaşların ali mənafeyini qoruyan, gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bugünü olduğu kimi, gələcəyi - aydın sabahı və parlaq perspektivi olduğunu da öz əməli fəaliyyəti ilə sübuta yetirib. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın bugününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.
 
Çoxşaxəli beynəlxalq əməkdaşlıq - Azərbaycanın milli maraqlarının qətiyyətli müdafiəsi
 
Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. Daha dəqiq desək, Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirən YAP, həmçinin ölkənin inzibati-coğrafi sərhədlərindən - respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır. Bu kontekstdə dost, qardaş və strateji tərəfdaş Türkiyə Respublikasının hakim siyasi partiyası olan Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə münasibətlərin davamlı inkişafı xüsusi önəm daşıyır. Ümumiyyətlə, Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələri də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atılır.
 
Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi partiya təşkilatlarında da müvəffəqiyyətlə təmsil olunması ölkəmizin milli maraqlarının regional və qlobal səviyyədə qorunması baxımından böyük önəm daşıyır. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (ICAPP) Daimi Komitəsinin üzvü kimi bu nüfuzlu beynəlxalq platformanın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli fəaliyyət göstərir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən Avropa Xalqları Partiyası (EPP) ilə münasibətləri inkişaf və irəliləyişlə müşayiət olunur. Bu isə partiyamıza Avroatlantik məkanda Azərbaycan reallıqlarının təbliği, dövlətin siyasi maraqlarının müdafiəsi üçün əlavə imkanlar verir.
 
Bütövlükdə, partiyamızın səmərəli xarici əlaqələri və çoxşaxəli beynəlxalq əməkdaşlığı Azərbaycanın dövlətçilik maraqlarının qlobal arenada qorunması üçün mühüm vasitədir.
 
Yeni çağırışlar və hədəflər - daha qüdrətli Azərbaycan naminə
 
Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür.
 
Xüsusi vurğulamaq gərəkdir ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın cari il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.
 
Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir!








Redaktorun seçimi