Ölkənin ən güclü və ən nüfuzlu siyasi partiyası - YAP

Hit: 771
Ölkənin ən güclü və ən nüfuzlu siyasi partiyası - YAP
Yeni Azərbaycan Partiyası (YAP) ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
 
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz bu səbəbdən Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Onlar yekdilliklə xalqın lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Beləliklə, dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının ulu öndər Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, Ümummilli Liderin müraciətə müsbət cavabı və elə həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq xalqın dahi oğlu Heydər Əliyevin partiyanın  Sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Qeyd edək ki, Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
 
Bəs, o illərdə ölkədə nə baş verirdi? Bir tərəfdə Gəncə qiyamları, digər tərəfdə- Şimalda qondarma hakimiyyət, Cənubda yeni separatizm ocağının yaranması təhlükəsi hadisələr, yəni bütün Azərbaycan sözün həqiqi mənasında xaos içində çabalayırdı. Ümummilli Lider xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Sonra ulu öndər Heydər Əliyev Gəncəyə getdi. Oradakı qiyamı yatırandan bir neçə gün sonra Azərbaycan Ali Sovetinin Sədri seçildi.
 
Bütövlükdə bu mühüm hadisə Azərbaycan xalqının böyük əksəriyyətinin ulu öndər  Heydər Əliyevə inamından doğdu. Qısa müddət ərzində, 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
 
Ümummilli lider, dahi siyasətçi, uzaqgörən şəxsiyyət Heydər Əliyev gecə-gündüz çalışaraq xalqını o ağır vəziyyətdən xilas etdi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə  imzalandı. Danılmaz faktdır ki, Bakının, regionlarımızın, Azərbaycanımızın hazırkı inkişafı həmin o, strategiyadan, “Əsrin müqaviləsi”ndən başlandı. Bundan sonra Azərbaycanda hər bir  hadisə müsbət yöndə baş verirdi.
 
Artıq 29 ildir ki, hakim partiya Azərbaycanın inkişafı naminə yorulmadan çalışır
 
YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın tərəqqisi naminə çalışır. Ötən 29 ildə partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir.
 
Yeni Azərbaycan Partiyası yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramın, siyasətin məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub. Ötən 29 ilə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olaraq, böhran və xaos mərhələsini arxada qoydu. 2003-cü ildə Ulu Öndərin çağırışına səs verən Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu bu gün inkişaf edən, qalib, Zəfər qazanmış Azərbaycan dövlətinin timsalında öz təsdiqini tapdı. Yaxın tarixi vərəqləyəndə görürük ki, 2005-ci ildə YAP Sədrinin Birinci müavini İlham Əliyev partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı. Prezident, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərdi. 30 ilə yaxın düşmən tapdağı altında inləyən əzəli ata-baba torpaqlarımızın düşmən tapdağından azad olunması Ali Baş Komandan, Prezident İlham Əliyevin titanik fəaliyyətinin, uğurlu daxili və xarici siyasətinin nəticəsi idi.
 
Bir sözlə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artır. Hazırda öz sıralarında 760 mindən çox üzvü birləşdirən YAP ölkənin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.
 
Günel Eyyubova, «İki sahil»








Redaktorun seçimi