Konstitusiya Məhkəməsi məhkəmə sistemimizdə mühüm rola malikdir

Hit: 480
Konstitusiya Məhkəməsi məhkəmə sistemimizdə mühüm rola malikdir
Ən yeni tariximizə nəzər salarkən bu gün əminliklə deyə bilərik ki, 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edildi.
 
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd - Ana qanunumuz ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatları təmin etməklə yanaşı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini yaratdı. Azərbaycan Respublikasının Konstitusiyasında bəşəriyyətin əsrlər boyu əldə  əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapdı.
 
Konstitusiya qəbul edilən gün - noyabrın 12-də həm də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. Müstəqil ölkəmizin ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
 
Yeni Konstitusiyanın qəbulu müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəd kimi Azərbaycanın  davamlı inkişafının əsasını qoydu.
 
Bununla da ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin qanunvericilik bazası yarandı və hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyənləşdirildi. Bu sənədə əsasən insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyuldu.
 
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu gün ölkəmizdə uğurla fəaliyyət göstərən Konstitusiya Məhkəməsi məhkəmə sistemimizdə mühüm rola malikdir.
 
Konstitusiyamızın ən mütərəqqi özəlliklərindən biri isə bu sənədin insan hüquqlarının aliliyini özündə ehtiva etməsidir. Belə ki, Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Konstitusiyamızın insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını bir çox beynəlxalq hüquqi sənədlər təşkil edir.
 
Bütün  bunlar əminliklə deməyə əsas verir ki, bu cür mütərəqqi Konstitusiyası olan dövlətimiz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyilə daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaq.
 
Jalə Əhmədova,
 
Milli Məclisin deputatı








Redaktorun seçimi