Ölkəmiz regionda söz və nüfuz sahibidir, bölgənin lider dövlətidir

Hit: 698
Ölkəmiz regionda söz və nüfuz sahibidir, bölgənin lider dövlətidir
"Azərbaycan, Türkiyə və ​ Pakistan arasında istənilən sahədə münasibətlər yüksək səviyyədədir. Üç qardaş ölkə arasında əlaqələr uzunmüddətlidir və bu əlaqələr getdikcə daha da güclənir.​ Təbii olaraq, bu əməkdaşlığın arxasında birlik, qardaşlıq və sülhdən başqa bir niyyət yoxdur".
 
Faktor.az bildirir ki, bu sözləri Sonxeber.az-a danışan deputat Jalə Əhmədova deyib.
 
O vurğulayıb ki, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi hər üç qardaş ölkə arasındakı dostluq və qardaşlığın​ bariz nümunəsidir:
 
"Müharibə dövründə​ ölkəmizin hər yerində - evlərdə, küçələrdə, binalarda, avtomobillərdə, təşkil edilən müxtəlif tədbirlərdə - Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını hələ də unutmamışıq. Hər iki qardaş ölkənin Azərbaycana dəstəyini, həmrəyliyini Vətən müharibəsi günlərində hamımız gördük və hiss etdik.
 
Bu il, iyulun 27-də Milli Məclisdə üç qardaş ölkə arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Bakı Bəyannaməsi imzalandı. Hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyətə malik olan bu Bəyannamə​ terror təhlükəsi, kibercinayət və s. bir çox təhdidlərə qarşı birgə mübarizənin hüquqi bazasıdır".
 
Jalə Əhmədova vurğulayıb ki, Bakıda ilk dəfə olaraq təşkil edilən "Üç Qardaş-2021" birgə təlimləri Azərbaycan, Türkiyə və Pakistanın​ xüsusi təyinatlı qüvvələrinin​ iştirakı ilə keçirilir.
 
Təlimin "Üç Qardaş-2021" adlanması da təsadüfi deyil. Bu, üç dost və qardaş ölkə deməkdir. Burada söhbət xoş gündə də, dar gündə bir-birinə dayaq olan üç qardaş ölkədən gedir. Təlimlərin Azərbaycanda keçirilməsi isə həm də onu göstərir ki, ölkəmiz regionda söz və nüfuz sahibidir, bölgənin lider dövlətidir.
 
Hesab edirəm ki, "Üç Qardaş - 2021" beynəlxalq təlimli hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək".








Redaktorun seçimi