Məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır

Hit: 702
Məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır
Beynəlxalq güclər zaman –zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşu-larla dinc yanaşı yaşamaqdır.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, tarixi reallıq bir daha sübut edir ki, məhz başqalarının əlindəki müstəqilliyini özünə qaytararaq, müstəqil qərar vermək hüququna sahib olmaq çox problemləri həll edir: “Ötən il 44 günlük müharibədə burnu ovularaq işğal etdiyi torpaqlardan rüsvayçılıqla qovulduqdan və təslim aktına imza atdıqdan sonra Ermənistan müstəqil siyasət yürüdən suveren dövlət kimi qəbul edilmir və özü də buna cəhd göstərmir. Tarixi milli xarakter baxımından ermənilərin istər siyasi elitası, istərsə də bir toplum kimi xalqı dövlətçilik düşüncəsindən uzaq olduqları üçün həmişə özlərinə kənardan himayədar axtarırlar. Ölkədəki indiki reallıq bu qənaətimizdə nə qədər haqlı olduğumuzu bariz şəkildə nümayiş etdirir. Region dövlətləri, xüsusilə Cənubi Qafqazın əsas oyunçuları üçün Ermənistanın müstəqil aktor olmasının bütün aspektlərdən çox böyük əhəmiyyəti var. Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Bu da ondan irəli gəlir ki, bu xalqın milli dövlətçilik tarixinin kökü yoxdur və bu səbəbdən də onun mühüm müstəqil qərarlar qəbul etmək düşüncəsi və iradəsi də son dərəcə zəif inkişaf etmişdir. İstənilən müharibədə qalib və məğlub tərəf var; aktiv hərbi əməliyyatlar bitəndən sonra hər bir tərəf döyüşlərdən çıxdığı statusuna uyğun davranmalıdır. Məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Biz postmünaqişə dövrünün başladığını elan etmişik, Ermənistan isə hələ münaqişə dövründədir və oradan çıxmaq istəmir. Azərbaycan ləyaqətlə qələbə qazanmışdı və indi də qələbə etikasının bütün prinsiplərini gözləyərək, özünü qalib ləyaqətilə aparır. Bu vəziyyəti heç bir sağlam məntiqlə izah etmək mümkün deyil.
 
Yeganə izah bu ola bilər ki, Ermənistan müstəqil dövlət kimi yox, kiminsə vassalı kimi çıxış etdiyi üçün belə davranır. Qarabağın statusu müharibədən əvvəl danışıqların predmeti ola bilərdi, danışıqları isə Ermənistan pozdu. Azərbaycan torpaqlarını döyüşərək azad edəndən sonra Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur”.








Redaktorun seçimi