Millət vəkili Prezidentin Təhlükəsizlik Xidmətinin bütün şəxsi heyətini təbrik edib

Hit: 816
Millət vəkili Prezidentin Təhlükəsizlik Xidmətinin bütün şəxsi heyətini təbrik edib
Bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin ​ (Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)​ hərbi qulluqçularının peşə bayramıdır.
Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə​ tabe olan xüsusi hərbi hissə olub və 16 mart 2020-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ləğv edilərək əvəzində Azərbaybaycan Respublikası Prezidentinin​ Təhlükəsizlik Xidməti yaradılıb.
 
Xüsusi Dövlət Mühafizə Xidmətinin ən unudulmaz səhifələri Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 23 avqust 1993-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanan 734 saylı Fərmana əsasən Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanıb.
 
Xüsusi Dövlət Mühafizə Xidməti müstəqilliyimizin və dövlətçiliyimizin ​ qorunmasında qüsursuz xidmət nümayiş etdirmiş, dövlət başçısına, Vətəninə, xalqına sədaqətlə və şərəflə xidmət etmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında igidlik və qəhrəmanlıq nümunələri göstərmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularından 13 nəfəri şəhidlik zirvəsinə ucalıb, 21 nəfəri itkin düşüb, 55 nəfəri isə ağır yaralanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusu - Milli Qvardiyanın Alay komandiri Əfqan Hüseynov göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
 
Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, deputat mandatı qazanmamışdan öncə mən də Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuş, dövlətimə və dövlətçiliyimizə ləyaqətlə xidmət etmiş və bununla qürur duymuşam.
 
Bu gün peşə bayramını qeyd edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin bütün şəxsi heyətini və hərbi qulluqçularını bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıram.
 
Jalə Əhmədova
Milli Məclisin deputatı​








Redaktorun seçimi