Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü

Hit: 932
Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü
Bəşəriyyət tarixboyu adı qələbə ilə simvollaşan müxtəlif xalqların zəfər salnaməsinin yaranmasına şahidlik edib. Xüsusilə də, vətənin bütövlüyünü, dövlətin siyasi ləyaqətini qorumaq üçün milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq şərəfinə nail olublar. Güclü lideri, sarsılmaz milli birliyi olan və qüdrətli dövlətə malik xalqların haqq mübarizəsini qalibiyyətə çevirməsi çoxəsrlik dünya tarixinin siyasi səhifələrini bəzəyib.
 
Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
 
Fərəh və məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, öz adını bəşəriyyətin tarixi yaddaşına mütərəqqi, sivil dəyərləri mənimsəmiş humanist, şərəfli və ləyaqətli xalq kimi yazdırmış Azərbaycan xalqı da Zəfər salnaməsi yaradaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. 2020-ci ildə xalq–lider birliyinin və milli həmrəyliyin sayəsində mürəkkəb beynəlxalq münasibətlər şəraitində ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə dastanını yazıb.
 
Xüsusi vurğulamaq gərəkdir ki, 44 günlük müharibənin qalibi olan güclü Azərbaycan postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir. Xüsusilə də, Qələbənin memarı – müəllifi olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir. Bu, heç şübhəsiz, qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür.
 
Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bir çox cəhətdən olduqca əlamətdardır. Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı. Ona görə də bəhs olunan məsələlər kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər yetirmək məqsədəmüvafiqdir.
 
Bərpa-quruculuq işləri və zəruri infrastrukturun yaradılması
strateji prioritetlər sırasında...
Dövlət başçısının Kəlbəcər və Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə quruculuq işlərini əsasən Azərbaycan şirkətləri aparır. Ölkəmizlə bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.
 
Kəlbəcər rayonunun bərpası, yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.
 
Digər tərəfdən, Laçın rayonunun Qorçu kəndinin ərazisində hava limanının inşası istiqamətində atılan addımlar da mühüm strateji əhəmiyyətə malikdir. Birincisi, hava limanının tikilməsi regionun sosial-iqtisadi inkişafının təmin olunması, turizm potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti logistik mərkəzlərin yaradılmasına mühüm töhfə verəcək. Bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanlarına enə bilməsi mühüm üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası bu torpaqlara Böyük Qayıdışın təmin olunması üçün yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması baxımından çox önəmlidir. Nəzərə almaq lazımdır ki, hava limanları sərnişin və yük daşımaları, habelə hərbi məqsədlər üçün istifadə ediləcək. Nəticə etibarilə, bütün bunlar Azərbaycan dövlətinin gücünün daha da artmasına, ölkəmizin yeni strateji avantajlar və nailiyyətlər əldə etməsinə xidmət edir.
 
İctimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi
mühüm amil kimi...
Müzəffər Ali Baş Komandanımızın bəhs olunan səfəri ictimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi baxımından da olduqca əlamətdardır. Torpaqlarımızın işğal altına düşməsini xalqımızın böyük faciəsi, azad edilməsini isə tarixi hadisə kimi səciyyələndirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm tarixi faktlara daha geniş rakursdan nəzər salmağa və onlardan nəticə çıxararaq bu əsasda müasir reallıqları dəyərləndirməyə, həm də bu kontekstdə gələcək yol xəritəsini müəyyənləşdirməyə imkan verir.
 
Dövlət başçısının fikirləri qəhrəmanlıq tariximizin daha yaxşı mənimsənilməsi ilə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin unudulmaması üçün də mühüm əhəmiyyətə malikdir. AXC-Müsavat cütlüyünün torpaqlarımızın işğalına şərait yaratması və səbəb olması Azərbaycan xalqının tarixi yaddaşından silinməyib. Faktlar bu gün antimilli mövqe nümayiş etdirən, ictimai rəyi manipulyasiyaya məruz qoymaq sayəsində milli birliyə zərbə vurmağa cəhd göstərən marginal qrupların əsl simasını – gerçək niyyətini bir daha aşkar edir. Bu faktların fonunda təzahür olunan reallıq Azərbaycan xalqının milli şüurunda əksini tapan və obyektiv qiymətini alan gerçəklikdir.
 
Azərbaycan Prezidentinin tarixi adların bərpa olunması və populyarlaşdırılması ilə bağlı fikirləri də milli şüurun inkişafı, ictimai həmrəyliyin gücləndirilməsi kontekstində böyük önəm daşıyır. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən istifadə edir, tarixi Azərbaycan torpaqlarının adlarını çəkməklə ictimai yaddaşı təzələyir. Əlbəttə, bu toponimlərin aktual anlayışlar – məfhumlar kimi ictimai-siyasi leksikona gətirilməsi indiki və gələcək nəsillərin obyektiv tarixi dünyagörüşünün formalaşdırılmasına xidmət edir. Bu milli məsələnin təbliğində ictimai fəalların, elm və media işçilərinin də üzərinə böyük vəzifə və mühüm məsuliyyət düşür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.
 
Ermənilərin hərbi-siyasi mifologiyası döyüş meydanında
darmadağın edildi
Dövlət başçısının bəhs olunan səfər zamanı diqqət yetirdiyi mühüm məqamlardan biri Azərbaycanın İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanmaqla ermənilərin siyasi mifologiyasının darmadağın edilməsi oldu.
 
Sirr deyil ki, 30 ilə yaxın müddət ərzində erməni təbliğat maşını “Ermənistan ordusunun məğlubedilməzliyi”, “erməni əsgərlərin cəsarəti” barədə çoxsaylı materiallar yayır, özlərini “qəhrəman” obrazında təqdim edirdilər. Bəs nəticə nə oldu? 44 günlük Vətən müharibəsi göstərdi ki, güclü -qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz vəziyyətə düşən və darmadağın olan təcavüzkar Ermənistan silahlı birləşmələri zəif və məğlubiyyətə məhkum birləşmələr, erməni əsgərləri isə qorxaq və fəraridirlər. Xocalı cəlladları Koçaryanın, Sarkisyanın, Ohanyanın müharibə zamanı qaçıb gizlənmələri timsalında “erməni sərkərdələri” mifi də Ermənistan ordusu kimi döyüş meydanında darmadağın edildi, param-parça oldu. Bundan sonra onlar “qorxaq”, “fərari”, “məğlub” damğası ilə yaşamağa məhkumdurlar!
 
Qətiyyətli mövqe və məqsədyönlü fəaliyyət
strateji hədəflərə çatmağa imkan verir
Müzəffər Ali Baş Komandanımız yeni reallıqlar fonunda bir çox məsələlərlə əlaqədar Azərbaycan dövlətinin qətiyyətli mövqeyini, prinsipial yanaşmasını növbəti dəfə ifadə etdi. Xüsusilə də, Prezident İlham Əliyev Ermənistana və onun hamilərinə açıq mesaj verdi, ölkəmizin sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atdığını bildirdi, hazırda sərhədçilərimizin yerləşdiyi ərazilərin Azərbaycan torpaqları olduğunu, yeni sərhədlərin də oradan keçəcəyini diqqətə çatdırdı. Bir daha aydın oldu ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək, strateji hədəflərini ardıcıl olaraq reallaşdıracaq. Azərbaycan Prezidentinin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq” fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli mövqeyin təntənəsidir.
 
Bunlarla yanaşı Azərbaycan, eyni zamanda, gələcəyə aydın strateji baxışlarını ortaya qoyur, qarşıda duran məqsədlərə çataraq yeni perspektivlər yaradacağını əminliklə bəyan edir. Yeni geostrateji situasiya fonunda indi əsas vəzifə Qələbənin nəticələrini diplomatik müstəvidə möhkəmləndirmək, siyasi və iqtisadi dayaqları gücləndirməkdir. Buna paralel olaraq Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinin yaradılması və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi mühüm perspektivlər vəd edir. Bütün bunlar isə daha güclü Azərbaycan deməkdir!








Redaktorun seçimi