Sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir - Jalə Əhmədova

Hit: 1160
Sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir - Jalə Əhmədova
Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində müharibədən sonra bölgədəki vəziyyətlə bağlı vacib məsələlərə toxundu, mühüm mesajlar verdi. Prezident 30 il ərzində torpaqlarımızın işğal altında olması, bu dövrdə Azərbaycana qarşı tətbiq edilən ikili standartlar, Xocalı soyqırımının tanınması, Azərbaycanın tarixi Zəfəri, Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı, rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri, Azərbaycan-Türkiyə münasibətləri və digər aktual məsələlər barədə dəyərli fikirlərini bildirdi, bir çox önəmli məsələlərə aydınlıq gətirdi.
 
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
 
O qeyd edib ki, dövlətimizin başçısının toxunduğu ən mühüm məsələlərdən biri də postmüharibə dövründə bölgədə gedən proseslərlə bağlı idi. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, qayıdış üçün bizə zaman lazımdır. 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək vaxt tələb edir. Hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaq.
 
“Prezident onu da vurğuladı ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Biz istəyirik ki, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan ya buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda, biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Prezident diqqətə çatdırdı ki, Azərbaycanın konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir”, - deyə Jalə Əhmədova əlavə edib.
 
Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan və onun xalqının da maraqlarına xidmət edəcək. Belə ki, Ermənistan dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada biləcək və onlar üçün yeni imkanlar yaranacaq.
 
Prezident onu da qeyd etdi ki, Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi. Bu gün Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz Azərbaycan vətəndaşları sayırıq. Onların sayı dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Ümumilikdə, Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və Azərbaycan buna hazırdır.








Redaktorun seçimi