Azərbaycan və Türkiyə tarixin ən çətin dövrlərində həmişə bir-birinin yanında olublar

Hit: 577
Azərbaycan və Türkiyə tarixin ən çətin dövrlərində həmişə bir-birinin yanında olublar
Qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Şuşa şəhərinə səfəri, həmçinin iyunun 16-da Milli Məclisdə deputatlar qarşısındakı çıxışı hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurdu.
 
Faktor.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
 
Deputat bildirib: “Azərbaycanın 44 günlük Vətən müharibəsində bölgənin sürətli inkişafına zəmin yaradan Zəfərindən danışan qardaş ölkənin dövlət başçısı bildirdi ki, Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu. Bölgəyə sülh və inkişaf gətirmiş bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”.
 
“Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”, - deyən Türkiyənin dövlət başçısı Azərbaycana bir daha öz dəstəyini ifadə etdi. Rəcəb Tayyib Ərdoğan bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və sabaha ümidin hakim olduğunu qeyd edərək region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasının əhəmiyyətini qeyd etdi.
 
“Mən də Milli Məclisin deputatı kimi inanıram ki, altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və bütün düşmənçiliklər aradan qalxacaq. Bunun təmin edilməsi üçün isə bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.
 
Bu baxımdan Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin faydası xüsusilə qeyd olunmalıdır. Bu dəhlizin fəaliyyətə başlaması Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcək, özləri özlərini saldıqları blokadadan xilas olacaqlar.
 
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərin dirçəlməsinə qardaş Türkiyə də öz töhfəsini verəcək, bölgədə gedən quruculuq işlərində yaxından iştirak edəcəkdir.
 
Çünki Azərbaycan və Türkiyə tarixin ən çətin dövrlərində həmişə bir-birinin yanında olublar və gələcəkdə də bu iki xalq birlikdə olacaqdır”, - deyə deputat vurğulayıb.








Redaktorun seçimi