Azərbaycanda dövlət-din münasibətləri: - 20 illik zaman kəsiyində

Hit: 913
Azərbaycanda dövlət-din münasibətləri: - 20 illik zaman kəsiyində
Dövlət müstəqilliyini bərpa etdikdən sonra xüsusən ilk illərdə Azərbaycanda erməni separatizmi, ölkə daxilində xaos və anlaşılmazlıq, eləcə də dinlər arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin fəaliyyəti, dövləti idarəolunmaz bir hala gətirmişdi. Yaranan bu xaosdan dövləti qurtarmaq üçün xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev çox qısa bir dönəmdə ölkəni bu qarışıq durumdan çıxarmağa nail oldu. Müstəqil Azərbaycanda Heydər Əliyevin yürütdüyü məqsədyönlü, uzaqgörən siyasət nəticəsində qlobal dəyişikliklər əldə edildi. Bu dəyişiklik özünü bütün sahələrdə yüksək formada göstərdi. Ulu Öndərin diqqətindən kənarda qalmayan sahələrdən biri də dini sahə idi.
 
Heydər Əliyev dövlət -din münasibətləri sahəsindəki vəziyyəti nəzərə alaraq dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi bu sahəni tənzimləyən qanunvericilik bazasını yaratdı. İlk olaraq ölkənin əsas qanununda – Konstitusiyamızın 48-ci  maddəsində Vətəndaşların vicdan azadlığı təsbit olundu. 1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.
 
Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra bir çox xarici missioner təşkilatlar, radikal qruplar ölkəyə nüfuz etməyə başladılar. Bu da ölkədə radikal və qeyri- ənənəvi dini qrupların çoxalmasına səbəb oldu. Dini sahənin tənzimlənməsi ehtiyacı özünü daha qabarıq hiss etdirməyə başlamışdı. Qeyd edilənlər Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi və dini fəaliyyətin müasir tələbatlara cavab verən müstəvidə təşkili üçün rəsmi dövlət qurumunun yaradılmasına ehtiyac yaradırdı. Beləlikə, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) təsis edildi. DQİDK dövlətin din sahəsində rəsmi siyasətini həyata keçirir, dini qurumlar və dini fəaliyyətə nəzarət edir, onların dövlətlə qarşılıqlı münasibətlərini tənzimləyir. Eyni zamanda, dini qurumların dövlət qeydiyyatına alınması işini yerinə yetirir, ölkəyə dini ədəbiyyatın gətirilməsi və dini ədəbiyyatın nəşrinə də nəzarət edir.
 
Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşması, bu siyasətin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.
Komitə, həmçinin müxtəlif dini qurumlar arasındakı əlaqələrin yaradılması, onlar arasındakı problemlərin həll edilməsi prosesində iştirak edir; dini təhsil müəssisələrinin tədris proqramlarının yoxlanılması, bu sahədə lazımi dəyişikliklər və əlavələrin edilməsi təklifləri ilə çıxış edir. Komitə dövlət-din münasibətləri və dini etiqad azadlığının təmin edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabinetinə müraciət etmək səlahiyyətinə malikdir. Dövlət Komitəsi, eyni zamanda dini və konfessional zəmində ayrı-seçkilik, milli təhlükəsizlik məsələləri ilə bağlı Prezident və Nazirlər Kabinetini məlumatlandırır, dövlətin təhsil müəssisələrində dinşünaslıq, dinlər tarixi, dini idrak və dinin fəlsəfəsi sahəsində, eləcə də müqəddəs kitabların əsasları üzrə tədris proqramlarının və dərs vəsaitlərinin hazırlanmasına öz töhfəsini verir, qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirir. Komitə dövlət-din münasibətlərinin tənzimlənməsində qanunazidd hərəkət edən dini qurumlar, yaxud şəxslər haqqında müvafiq orqanları məlumatlandırır.
 
Bu siyasəti Komitənin bölgələrdə formalaşan 15 regional şöbəsi də həyata keçirir. Regional şöbələr ümumilikdə dini duruma, dini icmaların və ibadət məkanlarının fəaliyyətinə nəzarət edir, yerli dini icmaların dövlət qeydiyyatına alınması işinə köməklik göstərir, bölgənin dini vəziyyəti ilə bağlı Komitəyə məlumat verir. DQİDK-nin tabeliyində 2017-ci ildən etibarən, Mənəvi Dəyərlərin Təbliği Fondu və 2018-ci ildən ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərməyə başlayıb. Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə təsis edilmişdir.Azərbaycan İlahiyyat İnstitutu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Sərəncamda İnstitutun yaradılmasının əsas məqsədi “Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi” göstərilir.
 
Azərbaycanda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir. Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir. Dövlətimizin ən çətin günlərində belə tarixi-dini abidələrimizin bərpası yönündə önəmli bir kurs müəyyənləşdirilib ki, bu siyasətin memarı Ulu Öndər Heydər Əliyevdir. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən biri kimi tanınır.  Respublikamızda heç vaxt milli və dini zəmində qarşıdurma baş verməyib, qarşılıqlı etimada əsaslanan milli-mənəvi, dini münasibətlər hökm sürür. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir.
 
Azərbaycan xalqının 96%-nin müsəlmanlardan təşkil olunmasına baxmayaraq, dövlətin bütün dinlərə bərabər münasibət bəsləməsi aydın nəzərə çarpır; məsələn: Azərbaycan Respublikasının Prezidenti hər il İslam dinində müqəddəs sayılan günlər və bayramlar münasibətilə xalqı təbrik etdiyi kimi, digər dinlərə mənsub olan vətəndaşların da müqəddəs bayramlarını rəsmi şəkildə təbrik edir. Ümumilikdə, ölkədə mövcud olan azlıq dinlərin bütün hüquqları qorunur və fəaliyyətləri üçün hər cür şərait yaradılır.
 
Dinlərarası bərabərlik prinsipi dövlətin dinə münasibətinin əsas prinsipi hesab edilir. Azərbaycanda dövlətin rəsmi dini yoxdur. Buna baxmayaraq, din ilə bağlı məsələlərdə dövlət vətəndaşların tələblərinə biganə qalmır, müvafiq dövlət qurumları vasitəsilə dini ehtiyac və tələblərə cavab verir.
 
Ülvi Səfərov








Redaktorun seçimi