Azərbaycan bütün parametrlər üzrə heç kəsdən asılı deyil - Könül Nurullayeva

Hit: 693
Azərbaycan bütün parametrlər üzrə heç kəsdən asılı deyil - Könül Nurullayeva
"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 7-ci qurultayındakı çıxışında ən çox diqqət çəkən məqamlardan biri - mürəkkəb geosiyasi vəziyyətdə, qlobal təzyiqlər fonunda Azərbaycanın uğurlar əldə etməsi ilə bağlı reallıqların cəmiyyətə çatdırılması idi. Doğrudan da, gücün haqlı olduğu, ədalət prinsiplərinin ən kobud şəkildə pozulduğu bir vaxtda beynəlxalq münasibətlər sistemində öz yerini tutmaq, nüfuzunu möhkəmləndirmək, etimad qazanmaq asan deyildir. Amma Azərbaycan buna nail olub. Müstəqilliyin ilk illərində dövlətçiliyin məhv olma təhlükəsindən xilas olan Azərbaycan son 30 ildə həm də öz haqq işinin, ərazi bütövlüyünün təmin olunması uğrunda sona qədər mübarizə apardı."
 
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
 
K.Nurullayeva qeyd edib ki, dövlət başçısının da söylədiklərindən aydın olur ki, bizi bu prinsipial mövqeyimizdən çəkindirməyə çalışsalar da, ölkə rəhbərliyinin iradəsi və prinsipiallığı sayəsində Qarabağ məsələsi bir an belə arxa plana keçmədi: "Qlobal miqyasda təzyiqlərə baxmayaraq, bütün paltformalarda Azərbaycan Prezidenti dünya ictimaiyyətindən ədalət tələb edirdi. Halbuki xalq diplomatiyası, “kompromiss” adı altında hətta Xocalı soyqırımının belə unudulmasına cəhdlər edilirdi. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrə işğalçının da cəlb olunmasına can atırdılar."
 
Deputat bildirib ki, qlobal layihələrin icrası üçün tələb olunan keditlərin verilməsindən imtina etməklə edilən təzyiqlər də nəticə vermədi: "Faktiki Azərbaycan bu təzyiqlərə təkbaşına müqavimət göstərərək, ən mürəkkəb situasiyada əməkdaşlıq platforması yaradıb. Qısa vaxtda xeyli sayda tərəfdaş qazanmağın da əslində obyektiv səbəbləri vardır. Azərbaycan iqtisadi və siyasi imkanları sayəsində bölgədə və dünyada gücə çevrilib, yalnız sülhə, əməkdaşlığa töhfə verməklə seçilib. Vaxtilə Azərbaycana kredit verməyənlər bu gün ölkəmizin beynəlxalq reytinqlər üzrə müsbət göstəricilərinə şahidlik edir. Təsadüfi deyil ki, dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6  pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. İqtisadi azadlıq üzrə Azərbaycan mümkün 100 baldan 70,1 bal toplayıb." 
 
K.Nurullayeva onu da vurğulayıb ki, bu müsbət göstəricilərin qlobal pandemiyanın yaratdığı risklər fonunda qeydə alınması xüsusi diqqət çəkir: "Dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, reytinq mərkəzlərinin Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə yüksək reytinqlər müəyyənləşdirməsi ilk növbədə ölkəmizdə aparılan ardıcıl və sistemli iqtisadi siyasətin, islahatların məntiqi nəticəsidir. Bu səbəbdən bu gün Azərbaycan bütün parametrlər üzrə heç kəsdən asılı deyil."








Redaktorun seçimi