Gender bərabərliyinə dair dinləmə keçirilib

Hit: 353
Gender bərabərliyinə dair dinləmə keçirilib

Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə adekvat reaksiya verdiyini, bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni çağırışlar, qərar və qanunlar qəbul etdiyini vurğulayıb. Komitə sədri “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunla bağlı təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun icrasında mövcud  olan imkan və çətinliklər barədə danışıb. Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması” mövzusunda məruzəsi dinlənilib. Nazir müavini Azərbaycan cəmiyyətində mövcud olan gender stereotiplərinin insanların peşə seçiminə də təsir göstərdiyini qeyd edib.

Qız və oğlanlar arasında təhsil maraqlarının müxtəlif olduğunu deyən Firudin Qurbanov bildirib ki, oğlanlar adətən daha çox təbiət, texniki, tarix-humanitar fənlərə, qızlar isə tarix, ədəbiyyat, ana dili və xarici dil kimi humanitar fənlərə, eyni zamanda müəllim və həkim ixtisaslarına meyllidirlər. Nazir müavini qeyd edib ki, gender məsələləri ilə bağlı dövlətin yürütdüyü siyasətin əsas məqsədlərindən biri də gender stereotiplərinin aradan qaldırılması və insanlara onların fərdi qabiliyyətləri və xüsusiyyətlərinə görə münasibətin formalaşmasıdır. Firudin Qurbanovun sözlərinə görə, təhsil siyasətində qadınların təhsilin bütün pillə və səviyyələrində fəal iştirakı və karyera inkişafı əsas prioritetlərdən biridir. Məhz bu siyasətin nəticəsidir ki, təhsil müəssisələrinin rəhbərləri, təhsilalanlar və təhsilverənlər arasında qadınların sayı ilbəil artmaqdadır. Nazir müavini məruzəsində qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində görülən qabaqlayıcı tədbirlər barədə də məlumat verib. Çıxışının sonunda təhsil sistemində gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan ardıcıl işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Firudin Qurbanov Təhsil Nazirliyi tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna bir sıra dəyişiklilərin edilməsi ilə bağlı təklifləri diqqətə çatdırıb. Daha sonra daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər sözügedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sevil Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rəy və təkliflərini bildiriblər. Tədbirdə geniş müzakirələr aparılıb.









Redaktorun seçimi