Azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir

Hit: 587
Azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Jalə Əhmədova Sonxeber.az-ın suallarını cavablandırıb.
 
- Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbə qazanması ilə nəticələndi və 30 il həsrətində olduğumuz torpaqlara qovuşduq. İlk öncə bu barədə danışaq.
 
- Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu senytabrın 27-də əks-hücum əməliyyatına başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ilə "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi artıq tarixə qovuşdu. Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, bizə qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı. Bütövlükdə hesab edirəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə, qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi.
Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır. Bu gün azərbaycanlılar qazandığımız böyük qələbənin sevincini yaşayırlar. Çünki, doğma torpaqlarımız işğaldan azad olunub. 30 ilə yaxındır ki, 1 milyona yaxın insan məcburi köçkün həyatı yaşayır. Doğrudur, indiyədək dövlətimiz tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb, bu məqsədlə 100-dən çox müasir tipli qəsəbə tikilib istifadəyə verilib, məcburi köçkünlər üçün aylıq müavinət verilir və onların digər imtiyazları da var. Amma bütün bunlara baxmayaraq, həmin insanlar Vətən həsrəti ilə yaşayırdılar, bu günü həsrətlə gözləyirdilər. Çox şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Buna görə də, müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza sonsuz minnətdarlığımızı bildiririk.
 
- Bu gün hər kəsi maraqlandıran sual vətəndaşlarımızın işğaldan azad edilən ərazilərə köçürülməsi ilə bağlıdır. Bu proses nə zamandan başlana bilər?
 
- Bilirsiniz ki, Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdırıb. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı həmin müşavirədə vurğuladı ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Artıq işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi, yenidənqurma və s işlər aparılır. Bununla bağlı müvafiq dövlət proqramı da hazırlanıb. Hər şey plana uyğun olaraq həyata keçirilir. Hesab edirəm ki, vətəndaşlarımızın tam təhlükəsizliyi bərpa edildikdən və rahat yaşaması üçün lazım olan bütün infrastruktur yaradıldıqdan sonra onların köçülməsi prosesinə başlanılacaq. Bütövlükdə, bu ərazilərimizin yaxın illərdə yüksək səviyyədə bərpa olunacağına və insanlarımızın həmin ərazilərə köçürüləcəyinə inanıram.
 
- İşğaldan azad edilmiş rayonlarda hansı idaretmə sistemi qurulsa, daha effektiv olar?
 
- Bildiyiniz kimi, bu ilin yanvarın 19-da cənab Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərman imzalayıb. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Həmin sənəd cənab Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzalanıb. Həmin fərmandan irəli gələrək isə Milli Məclisə "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi daxil olub. Həmin qanuna dəyişikliklə isə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edildi. Bununla da Prezidentin xüsusi nümayəndələrinin hüquqi statusu müəyyən olundu. Onu da qeyd edim ki, Milli Məclisin plenar iclasında deputat həmkarlarım tərəfindən qanun layihəsinin müzakirəsi zamanı aktual və vacib məsələlərə toxunuldu. Onu da qeyd edim ki, qanuna dəyişiklik layihəsi dövlət başçısı tərəfindən təsdiqlənib. Hesab edirəm ki, bu institut özünü doğruldacaq və ölkə başçısının həyata keçirdiyi islahatlara xüsusi bir töhfə verəcək. Sizin "İşğaldan azad edilmiş rayonlarda hansı idaretmə sistemi qurulsa, daha effektiv olar?" sualınıza gəldikdə isə onu deyə bilərəm ki, həmin ərazilərdə gələcəkdə hansı idarəetmə sisteminin qurulması ilə bağlı məsələ möhtərəm Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir.








Redaktorun seçimi