Bir başqa 26 fevral...

Hit: 324
Bir başqa 26 fevral...
Azərbaycan Prezidentinin 26 fevral 2021-ci il tarixli tarixi mətbuat konfransı barədə düşüncələr
 
Bizim nəslin, mənim və həmyaşıdlarımın gəncliyi, ictimai-siyasi fəaliyyəti hər ilin 26 fevralında... necə deyərlər, sönürdü – 28 il boyunca 26 fevrallarda çökürdük... Biz bizdən gücsüz, bizdən hər halı ilə balaca və məhz bizim tarixi torpaqlarımızda qurulmuş “dövlət” tərəfindən soyqırıma məruz qalmışdıq. Doğrudur, bu soyqırım Rusiyanın bədnam 366-cı motoatıcı alayının biləvasitə iştirakı və dəstəyi ilə baş tutmuşdu amma bütün hallarda məhz Ermənistan və onun Dağlıq Qarabağda bəslədiyi oyuncaq rejim “qalib ədası” ilə gəzir, məhz Ermənistan siyasi-hərbi rəhbərliyi açıq mətnlə Xocalıda mülki əhalinin qanına qəltan edilməsini “əsaslandırır”, “haqq” qazandırırdı... Bəs biz ötən uzun illər ərzində bu müsibətə necə dözdük, səbr etdik? – Əgər ən yığcam şəkli ilə ifadə etsək, haqqın nazilsə də, üzülməyəcəyinə inanaraq, müstəqil dövlətimizə, dövlətimizin apardığı hərbi quruculuq, intensiv xarici siyasət işinə, iqtisadiyyatımızın çiçəklənməsinə, dövlət-xalq birliyinə, xalq ruhunun cəsarətinə inanaraq, Ali Baş Komanadanımıza, Ordumuza inanaraq bugünə gəlib çıxa bildik... Və gün gəldi, Ali Baş Komandan Silahlı Qüvvələrəimizə “İRƏLİ!” əmri verdi, fədakar Ordumuz “Oldu!” dedi. Sonra həqiqət və gerçəkliklər bir-bir üzə çıxdı; biz bildiyimizi bilirdik, dünya gördü, Ermənistanın illərdir aldalılan cəmiyyəti gördü, dünya erməniliyi gördü o həqiqət və gerçəklikləri. Müzəffər Ordumuz Ali Baş Komandanın mükəmməl rəhbərliyi ilə 44 gün kimi qısa bir müddət ərzində 30 illik işğal illərində Qarabağda strukturlaşmış, 3-5 qat eşalonlaşaraq möhkəmlənmiş Ermənistan silahlı qüvvələrini darmadağın etdi, nəfəsini kəsdi, belini qırdı. Ali Baş Komandan dedi ki “Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”... Prezident 44 günlük Vətən Müharibəsi müddətində dünyanın aparıcı media orqanlarına 30 yaxın müsahibə verdi. Bir yandan Azərbaycan ordusu irəlilədi, digər yandan Azərbaycan həqiqətləri yayıldı, tirajlandı. Ordumuz ruh bədənə qayıdan kimi, axın-axın, dalğa-dalğa öz dədə-baba torpağına yayıldıqca, Azərbaycan həqiqətləri də televizya, radio, portal, qəzet, jurnallar üzərindən tirajlandı; ordumuz aldadılmış erməni cəmiyyətini, yaxası dəmir-dümür dolu “yenilməz ordu” generalitetini həqiqətin sərt üzü ilə tanış etdikcə, informasiya sahəsində görülən işlər dünya ermənilərinin illərlə aldadaraq “qazandığı” ünvanları düşndürməyə başladı, aldadılmış dünya ictimai fikri önəmli dərəcədə dəyişdi, həqiqətlərlə tanış oldu. Hər iki cəbhənin tək lideri Prezident, Ali Baş Komandan İlham Əliyevdi! Ölkə başçısı 2021-ci ilin 26 fevralında yenidən dünya ictimai fikrini, Azərbaycan ictimai fikrini həqiqət və gerçəkliklərlə tanış etdi. 4 saatdan çox və 4 dildə! – Artıq etiraf olunduğu kimi bu formatda, bu qədər uzun və 4 dildə mətbuat konfransı keçirməklə dövlət başçımız rekorda imza atmış oldu. Əlbəttə, əsas kəmiyyət deyil, bu kəmiyyətləri aşan keyfiyyətdir – işin mahiyyətidir əsas olan. – Tək kəlmə ilə: BİZƏ QÜRUR YAŞATDIĞINIZ ÜÇÜN SİZƏ MİNNƏTDARIQ, CƏNAB PREZİDENT!
 
Bilirsiz, mən uzun illər televizyada çalışmış, dövlət, hökumət başçılarından müsahibələr almışam yaxud onların mətbuat konfranslarında sual vermə imkanım olub. Ona görə də, yalnız  qürur duyduğumuz Prezidentimizin mətbuat konfransı olması etibarı ilə deyil, qlobal təfəkkürlü, bəşəri tərəqqiyə sadiq nüfuzlu dövlət başçısı, sözü imzası qədər etibarlı lider və məhz həqiqətləri söyləyən Qalib Rəhbər olaraq cənab İlham Əliyevin bu mətbuat konfransının unikallığını mütləq qeyd etməliyəm. Heç şübhəsiz, mətbuat konfransının zamanlaması da vurğulanmalıdır.
 
Biz Xocalı soyqırımı da daxil olmaqla, Qarabağ, ümumən Azərbaycan həqiqətlərinin dünyada qəbul görməsi baxımından çox əziyyətlər çəkmişik; nəinki dünya markası olan böyük media holdinqlər, regionla media quruluşları, hətta, öz rəsmi mətbuatımızın belə həqiqətləri yazmadığı ağır günlərdən keçmişik... Yada salaq: 29 il öncə Azərbaycan rəsmi mətbuatı Xocalıda baş verənlər haqqında nə yazırdı?.. Buna qarşılıq, 26 fevral 2021-ci ildə Azərbaycan Prezidenti Xocalı həqiqətilərini hansı miqyasda dünyaya yaydı..! Bilirsiz, bu böyük miqyas fərqi misqal-misqal qazanılıb. Prezidentin “Biz nəyi, necə, nə zaman edəcəyimizi çox yaxşı bilirik” kəlamını xatırlatmaq istərdim; xatırlatmaq istərdim ki, dövlətimizin məqsədyönlü xarici siyasəti, eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası sayəsində dünyanın dörd yanında Xocalı soyqırımı bilinib, tanınıb – bir neçə dövlət, neçə parlament, komitə, muxtar qurum, bələdiyyə, meriya... habelə beynəlxalq qurum tərəfindən “Xocalı qətliamı” olaraq rəsmi tanınıb, qəbul görüb. Cənab Prezident 26 fevral mətbuat konfrnasında bildirdi ki tanıtma, tanınma prosesi davam edəcək, Xocalı soyqırımını heç vaxt unutmayacaq, unutdurmayacağıq! Bununla belə yuxarıda da vurğuladığımız kimi, bu ilki 26 fevral öncəki 26 fevrallardan fərqləndi. Ən ümumi şəkli ilə ifadə etsək: 28 illik “Qisasınızı alacağıq!” vədi, bu il “Qisasınızı aldıq!” müəyyənliyi ilə əvəzləndi!
Şəhidlərimizin ruhu şaddır.
Qisas qiyamətə qalmadı.
Bu qüruru bizə yaşadan Ordumuza, Ordumuzun Ali Baş Komandanına, şəhid ruhlarına, yaralı qazilərimizə, vətəncanlı xalqımıza minnətdarıq, minnətdarıq!
DÖVLƏTİMİZ VAR OLSUN!
 
MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva







Redaktorun seçimi