Biz buna nail olduq - Könül Nurullayeva
“Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında yaradılacaq birgə media platforması, ilk növbədə, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. İnformasiya müharibəsi dövründə belə bir platformanın olması vahid media cəbhəsinin yaradılması deməkdir. Bu, eyni zamanda, diplomatiya sahəsində əldə edilən uğurların media müstəvisində təzahürüdür. Faktiki bu platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması mümkün olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə ortaq platforma olduqca səmərəli fəaliyyət göstərdi. Azərbaycan və Türkiyə Ermənistanın dezinformasiya təbliğatına qarşı eyni cəbhədə mübarizə apardı: “Bu təcrübə də göstərdi ki, informasiya mübarizəsində vahid mərkəzdən koordinasiya çox effektiv nəticə verdi. Türkiyə televiziyaları vasitəsilə cəbhə bölgələrindən operativ xəbərlərin çatdırılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünyaya təqdim olunmasının şahidi olduq. Belə bir həssas dönəmdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasına ehtiyac var idi və biz buna nail olduq”.
“Ermənilər illərdir, dünyanı öz saxta tarixlərinə, uydurmalarına inandırmağa çalışırlar”, - deyən K.Nurullayeva diqqətə çatdırıb ki, ermənilər dəfələrlə azərbaycanlılara qarşı törətdikləri cinayət və terror hadisələrini özlərinə qarşı törədilmiş fakt kimi təqdim etməyə çalışıblar. Biz bu tendensiyanı Vətən müharibəsi dövründə də müşahidə etdik. Xüsusilə ermənilər tərəfindən sosial media üzərindən hərbi əməliyyatlar haqqında təhrifedici məlumatlar yayılırdı: “Nəzərə alsaq ki, ənənəvi media ilə yanaşı son illər sosial medianın da inkişafı informasiya şəffaflığına təsirsiz ötüşmür. Belə ki, qara piar kampaniyaları üçün sosial mediada əlverişli mühit mövcuddur. Bu mənada səhih informasiyanın daha geniş platforma vasitəsilə yayılması zərurətə çevrilib”.
Könül Nurullayevanın sözlərinə görə, Azərbaycan-Türkiyə ortaq media platforması qara piara qarşı mübarizədə vahid strategiyanın yaradılmasının vacibliyini bir daha təsdiqlədi. Qardaş ölkə ilə bundan sonra da media cəbhəsində səmərəli əməkdaşlığı davam etdirmək üçün əlverişli mühit var. Strateji media ortaqlığı əlbəttə, həm də bilik, təcrübə və mənbələrin paylaşılması deməkdir. Bu da peşəkarlığa birbaşa təsir edən faktorlardan biridir.