Bu məsələdə də Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük

Hit: 645
Bu məsələdə də Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük
Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya əsasən piyadalara qarşı minadan istifadə etmək, belə mina hazırlamaq, istehsal etmək, başqa cür əldə etmək, toplamaq, saxlamaq qadağandır. Ancaq buna baxmayaraq Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalama siyasətini həyata keçirmişdi. Bu isə yolverilməzdir və beynəlxalq qanunlara ziddir.
Ermənistan işğal etdiyi ərazilərdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb.
 
Son vaxtlar mətbuatda bizim mülki şəxslərimizin işğaldan azad edilmiş ərazilərdə minaya düşməsi ilə bağlı məlumat yayılır. Ancaq təəssüflər olsun ki, biz bu məsələdə də Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir. Ermənilərin bunu etməkdə isə məqsədləri bəllidir. Onlardan biri mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, digəri isə Azərbaycanın işğaldan azad etdilyi ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Bununla da Ermənistan tərəfi azərbaycanlıların öz ata-baba yurdalrına qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladacağı yeni infrastruktur layihələrini də gecikdirirlər.
 
Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlayıb. Hesab edirəm ki, qısa müddət ərzində işğaldan azad etdiyimiz ərazilərimiz çiçəklənən bir diyara çevriləcək. Bildiyiniz kimi, böyük quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, möhtərəm Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri də aparılır. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib.
Dövlət qurumlarımızın əvəzsiz xidmətləri və əməyi nəticəsində hər yer qarış-qarış minalardan, partlamamış döyüş sursatlarından təmizlənir. Ancaq Ermənistan tərəfi minalanmış ərazilərimizin xəritələri təqdim edərsə, həmin yerlər daha tez təmizlənər. Bununla da Azərbaycan işğaldan azad etdiyi ərazilərdə infrastruktur layihələrini daha tez həyata keçirər və vətəndaşlarımız öz doğma torpaqlarına daha tez qayıda bilərlər.
 
Milli Məclisin deputatı JALƏ ƏHMƏDOVA








Redaktorun seçimi