"İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir"

Hit: 510
"İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir"
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədi ilə sentyabrın 27-dən etibarən başlanan zəfər yürüşü 44 gün ərzində davam etdi.  Müzəffər Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı və igidliyi nəticəsində “alınmaz” hesab edilən torpaqlarımız işğaldan azad edildi. İşğaldan sonra məlum oldu ki, 30 illik işğal müddətində düşmən təbiətə qarşı təcavüzkar davranışlarından vaz keçməyib. Bu illər ərzində düşmən təbiət abidələrinə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror törətmişdir. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Ekoloji terror nəticəsində ərazilərimizin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan dəymişdir.  Nəinki təbiətimiz hətta, şəhərlərimiz, kəndlərimiz də yerlə-yeksan olunmuşdur.
 
Bunlar erməni barbarlığının sübutudur. 10 noyabr Kapitulyasiya aktından sonra torpaqlarımızı işğal etmiş mənfur düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmaq üçün öhdəlik götürdükdən sonra təyin olunan müddət ərzində bütün dünyanın gözləri qarşısında meşələrimizi məhv etdilər, təbiət abidələrini, su elektrik stansiyalarını dağıtdılar. Bununla da öz vandal və nadan təbiətlərini bir daha dünyaya sübut etdilər. Amma təəssüf ki, erməni kilsələri üçün narahat olanlar, dünyanın “ağ ciyərləri” hesab olunan meşələrin kəsilməsinə gözlərini yumdular və Ermənistana qarşı heç bir etiraz səslərini ucaltmadılar. Zəngilan rayonu işğaldan azad olunduqdan sonra məlum olmuşdur ki, Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda mühafizə olunan çinar ağacları erməni vandalizminin qurbanına çevrilmişdir. Belə ki, mənfur düşmən qoruğun meşəlik ərazisinin yarısından çoxunu məhv edərək ağacları kökündən çıxarmışdır. Görünür, ermənilər və onların havadarları Azərbaycan xalqının və onun Prezidentinin iradəsindən bixəbərdilər. Cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edildiyi kimi, indi də böyük quruculuq, abadlıq və bərpa işləri müvəffəqiyyətlə həyata keçirilməkdədir. 
 
Prezident cənab İlham Əliyevin Zəngilan rayonuna səfəri zamanı ağacların bərpası ilə əlaqədar Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkilmiş, eyni zamanda, canlı aləmin bərpası ilə əlaqədar Bəsitçaya balıqlar da buraxılmışdır. Ümumiyyətlə bu bölgələr çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcəkdir.   
 
 
Məhərrəmov Ruslan Vaqif oğlu
Ekoloq
 
 
 
 








Redaktorun seçimi