İllər sonra ilk... - “Dostluq” razılaşması

Hit: 1083
İllər sonra ilk... - “Dostluq” razılaşması
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
 
Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Buna görə də memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir.
 
Qeyd edək ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. 
 
Sözügedən memorandumun əhəmiyyəti barədə "Qafqazinfo"ya açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycanla Türkmənistan ilk dəfədir ki, neft yatağını birgə istismar etmək barəsində razılığa gəliblər: 
 
"Xəzərin həm Azərbaycan, həm də Türkmənistan sahillərində xeyli kəşf edilmiş neft yataqları var. Hər iki ölkə neft-qaz ölkəsidir. Ölkələrimiz arasında olan yaxın dostluq münasibətləri artıq bir çox iqtisadi layihələrdə birgə iştirak üçün şərait yaradır. Cənab Prezidentin Türkmənistan prezidenti ilə videokonfrans şəklində danışıqlar apararaq sonda belə bir sənəd imzalanması hər iki ölkə üçün faydalıdır. Azərbaycanın neft-qaz sahəsinin istismarı sahəsində böyük təcrübəsi var və dünyanın aparıcı neft ölkələrindən biri hesab olunur. Ölkəmizin sərbəst valyuta ehtiyatları və neft sahəsində təcrübəli kadrları var. Həmin sahənin texniki hazırlığının istismar səviyyəsinə çatdırılmasında Azərbaycan tərəfi öz dəstəyini verə bilər. Eyni zamanda bu yatağın istismarı Türkmənistan üçün sərfəlidir. Çünki bu Azərbaycanla yanaşı Türkmənistan üçün də əlavə valyutanın büdcəyə daxil olmasıdır. Həm də Türkmənistanın neft sənayesi kadrlarının yerində hazırlanmasıdır. Həmin kadrların bir qismini isə Azərbaycandakı neft universitetlərində hazırlamaq mümkündür. Bu sahədə əldə edilmiş əməkdaşlıq sonradan digər neft yataqlarının istismarında çox gərəkli ola bilər. Hesab edirəm ki, layihə imkan verəcək ki, gələcəkdə Azərbaycan və Türkmənistan digər iqtisadi layihələri də birgə işləmək barəsində danışıqlar aparsınlar".
 
Qeyd edək ki, bu sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Bu sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 








Redaktorun seçimi