Prezidentin Şuşanın bərpası ilə bağlı tapşırığı hər birimiz üçün örnək olmalıdır

Hit: 670
Prezidentin Şuşanın bərpası ilə bağlı tapşırığı hər birimiz üçün örnək olmalıdır

Ölkə Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi və ədəbi dəyərlərimizə göstərdiyi yüksək qayğısı və diqqəti Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün ən ali vasitədir!

Ölkəmizdə multikultralizim və humanizim prinsiplərinə söykənən ənənlər dövlət siyasətinin uğuru və Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin fəaliyyət dairəsinin mühüm hissəsini təşkil edir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı bu gün dünyaya öz güclü iradəsini, birliyini və milli-mənəvi dəyərlərə sadiqliyini tək sözlə yox, əməli ilə də sübut etdi. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə işğal altından azad olunan torpaqlarımızdakı tarixi abidələrin, mədəniyyət incilərimizin bərpası, qorunub saxlanılması istiqamətində görüləcək bütün işlər birbaşa Azərbaycanda milli-mənəvi dəyərlərin və tariximizin qorunmasına yönəlmişdir.
 
Cənab Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi bir daha sübut etdi ki, biz bütün hallarda mədəni irsimizə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşırıq. “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Cənab Prezidentin Şuşanın ilkin və tarixi simasının bərpası ilə bağlı tapşırığı hər birimiz üçün örnək olmalıdır. Çünki, Şuşa şəhəri Azərbaycanın dilbər guşəsi olmaqla yanaşı, həm də coğrafi mövqe, tarixi və mədəni baxımdan Azərbaycan dövləti üçün strateji əhəmiyyətə malik bir şəhərdir.  
 
Cəmiyyətin tərəqqisinə stimul verən mədəniyyət sahəsinin inkişafına dövlətin qayğısı həyata keçirilən genişmiqyaslı tədbirlərdə öz əksini tapmaqdadır. Azərbaycan ədəbi tarixinin və milli-mənəvi dəyərlərimizin yaddaşlarda əbədi həkk olunması və dünyada tanıdılması üçün dövlət tərəfindən müxtəlif tədbirlər keçirilir. Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə və əziz xatirəsinə ehtiram və Azərbaycan mədəniyyətinə yüksək diqqət əlaməti olaraq, 2021-ci ili “Nizami Gəncəvi” ili bəyan etməsi təqdirəlayiq bir addımdır. Azərbaycanın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nizami Gəncəvi yaradıcılığı hər zaman elmi-ədəbi fəaliyyətin mərkəzində olmuşdur.
 
Hamıya məlumdur ki, mədəniyyətimizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə tanınması onun böyük himayədarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq, ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də özünün intibah dövrünü yaşamışdır. Azərbaycanın ədəbi-mədəni tarixinə hər zaman sadiq qalan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider Heydər Əliyev dünya ədəbiyyatı tarixinə öz zəngin töhfəsini vermiş dahi şair Nizami Gəncəvinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği üçün xeyli işlər görmüşdür.  1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni mərhələ olmuşdur. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Nizami Gəncəvinin 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Dahi sənətkarın 870 illiyi 2011-ci ildə də dövlət səviyyəsində silsilə tədbirlərlə yüksək səviyyədə qeyd edilmişdir.
 
2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi insanların bədii və fəlsəfi fikrinin zənginləşməsi və mənəvi kamilləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Mən də öz növbəmdə, Cənab Prezident İlham Əliyevin nəyinki mədəniyyət sahəsində, bütün sahələrdə ölkəmizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətini dəstəkləyirəm. Milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə göstərdiyi yüksək qayğı və diqqətə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.
 
ADBTİA-nın prorektoru,
professor Yusif Babanlı








Redaktorun seçimi