Elə insanlar var ki, onların kimliyi, şəxsiyyəti ölkəmiz üçün bir dəyərdir. Bütövlükdür, zirvədir, ən əsası Öndür.
Bu gündən etibarən həftə ərzində önəmli insanlarımız üçün Faktor.az saytında "ÖNdə olan"lar layihəsi yayımlanacaq.
"Ön"ün ilk qonağı Dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurlu nəticələr əldə edən İlham Zəkiyevdir.
-Son Paralimpiya oyunlarında iştirakınız bir qədər uğursuz alındı. Nə vaxtacan idmana davam etməyi düşünürsünüz?
-Uğursuz deyildi əslində. Olimpiyaçı idmançılar Paralimpiyada yarışlarında iştirak edirdi. Nə qədər davam edəcəyimə gəlincə isə, bunu söyləmək çətindir. Mən deyim 100 il, təbii ki, alınmayacaq. Ona görə də Allah bilən məsləhətdir. Hələ ki, qarşıdakı hədəfimiz 2017-ci ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarıdır. Sonra da 2020-ci ildə Tokio Paralimpiya Oyunlarına hazırlaşacağıq. Allah bütün idmançılarımızı zədədən qorusun.
-İlham bəy, insanlar baxıb sizdən nümunə götürür, motivasiya olurlar. İnsanların böyük bir hissəsi üçün əsl nümunəsiniz. Ancaq bəzi insanlar çox tez ümidsizliyə qapılırlar. Həmin insanlara nə demək istərdiniz?
- Allahdan ümidlərini kəsməsinlər. Səbr etmək lazımdır. Hər vəziyyətdən çıxış yolu mütləq var. Yetər ki, o yolu axtarıb tapasan.
-Heç olubmu ki, hansısa yarışda ümidsizliyə qapılıb bacarmayacam deyəsiniz. Olubsa, ətraflı danışın...
-Yox, ümidsizlik məndə heç vaxt olmayıb. Ancaq London Paralimpiya Oyunlarında məğlub oldum. Yaponiyalı idmançı qızıl medal qazandı, mən isə bürünc. Artıq rəhbərlik də məndən əlini üzmüşdü. İkinci dəfə idi ki, eyni idmançıya məğlub olurdum. Hamı deyirdi ki, artıq İlham qocalıb, onu məğlub edə bilməyəcək. Keçən il fevral ayında Macarıstanda keçirilən Dünya Çempionatında finala qədər yüksələ bildim. Finalda yenə yaponiyalı idmançı ilə qarşılaşacaqdım. Mənim üçün bu qarşılaşma olduqca həyəcanlı və məsuliyyətli olacaqdı. Həmin görüşdə rəqibimi 1 dəqiqə 23 saniyəyə tamamilə məğlub etdim və sübut etdim ki, İlham hələ qocalmayıb. Allahın verdiyi hər şeyə şükür etmişik bu günə qədər. Məğlub olduqda da, qələbə qazandıqda da. Məğlub olmuşamsa, deməli hazırlığım zəif olub yaxud da rəqib qələbəni daha çox istəyib. İdmandır, burada udmaq da var, uduzmaq da. Qalib bir tək Allahdır...
-İdmanı seçmək sizə nə verdi?
-İdman artıq mənim həyat tərzim, işimdir. Dəfələrlə qeyd etmişəm vətənə qulluğum hərbidə yarımçıq qalsa da, bu gün öz borcumu idman arenasında, tatamidə davam etdirirəm. Hər dəfə Azərbaycanın bayrağı qalxıb himnimiz səslənəndə qürurlanıram.
-Niyə məhz cüdo?
-Onu da deyim sizə (gülür). İdmana gəlişim böyük qardaşım Fikrətin sayaəsində olub. O, sərbəst güləşlə məşğul olurdu. Mən də idmana 10 yaşımda sərbəst güləşlə başlamışam. Hardasa 3 ilə yaxın məşğul oldum. Sonra məşqçimiz xaricə getdi, məşqlərimiz dayandı. O vaxtlar televiziyadan qaydasız döyüşləri verirdilər. O döyüşlərdə qalib gələnlərin çoxu cüdoçular olurdu. 15 yaşlı bir gənc kimi mən də istədim ki, hamıdan güclü olum sinifdə, məhlədə, məktəbdə (gülür). Elə ona görə də cüdonu sevdim və bu günə qədər də peşman deyiləm.
- Hər idmançının da bir ləqəbi olur. İlham Zəkiyevin ləqəbi nədir?
-Elə bir ləqəbim yoxdur. Hamı məni çempion kimi tanıyır, elə də çağırırlar. Tatamida rəqibik, amma kənarda hər zaman dostuq. Qalib gəldiyim görüşlərdə rəqibimin könlünü almaq üçün hər zaman “sən güclü rəqib idin, layiqli döyüşdün” deyirəm. İstəmirəm kimsə məndən incisin.
- Az öncə yaponiyalı idmançıdan danışdınız. Bəs, siz özünüz üçün hansı yarışı daha vacib hesab edirsiniz?
-Mənimçün bayaqdan haqqında danışdığım yaponiyalı idmançı ilə olan döyüşlərim vacib olub. 2004-cü ildə ilk dəfə Afina Olimpiya oyunlarında çıxış etdim. Birinci görüşdə kubalı idmançı ilə qarşılaşdım. Hansı ki, bir il əvvəl ona məğlub olmuşdum. Həmin görüşdə hamı məğlub ola biləcəyimə görə çox narahat idi. Amma mən 1 dəqiqə 20 saniyə ərzində onu ipponla məğlub edərək qələbə qazandım.
-Hər kəs bilir ki, vətən uğrunda gözünüzün nurunu itirmisiniz. Tatamidə qarşınıza erməni idmançı çıxsa, İlham Zəkiyev o yarışa psixoloji cəhətdən necə hazırlaşar?
-Bu sualı mənə çox veriblər. Belə deyim, bu idmandır, o da rəqib. Necə ki, mən istəmərəm ona məğlub olum, eləcə də o. Amma düşünürəm ki, məndə tamam başqa hisslər baş qaldıracaq. Onunla xüsusi amanlıqla güləşməyə çalışacam yəqin ki.
-İlham Zəkiyevə görə idmana başlayan bir gənc ən əsas nəyə diqqət etməlidir? Öz təcrübənizə əsaslanıb nə deyə bilərsiniz?
- Deyə bilərəm ki, kənarda motivator axtarmağa ehtiyac yoxdur. Bizim kifayət qədər çempionlarımız var. Onlara baxıb nümunə götürmək olar. Ən əsas rejimdir. Elə bir rayonumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın. Bu şəraitlərdən valideynlər istifadə etsinlər. Övladlarını idmana yazdırsınlar. Peşəkar məşqçilərimiz də kifayət qədərdir. Təbii ki, onlarla məşğul olacaqlar. Təkcə məşqçi ilə iş bitmir. Evdə də valideynlər öz uşaqlarına şərait yaratmalıdırlar. Onun yeməyinə, yatmağına, durmağına fikir verməlidirlər.
-Bəzi uşaqlarda qəribə bir fikir var. Əgər idmançı olacamsa, təhsil önəmli deyil. Bəs, siz necə düşünürsünüz?
-İdmançı beynəlxalq arenada tək özünü təmsil etmir. Mən, İlham Zəkiyev tək özümü təmsil etmirəm, bütün Azərbaycanı təmsil edirəm. Yarışlarda mənə rəqiblərim yaxud da xaricilər Azərbaycan haqqında danışmağı bacarmalıyam. Bununçün də təhsil son dərəcə önəmlidir. Onu da qeyd edim ki, 32 yaşımda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum, bu il isə məzun oldum. Hal-hazırda magistraturaya sənədlərimi vermişəm. İki ildən sonra o diplomu da alacam.
-İlham Zəkiyevi tanıyıb cüdo ilə məşğul olanlar olubmu heç?
-2004-cü il Afina Paralimpiya Oyunlarında Azərbaycan ilk dəfə idi ki, cüdo idmanında təmsil olunurdu. Bu böyük məsuliyyət isə mənim üstümə düşürdü. 4 il sonra Pekində artıq biz Olimpiyadada tam heyətlə təmsil olunduq. Oradan biz vətənə 2 gümüş, 1 qızıl və 1 bürünc medalla qayıtdıq. Bu onu göstərir ki, 2004-cü ildəki qələbəmdən sonra cüdoya axın çoxaldı. Çox insanlar bizə müraciət etdi, cüdo ilə məşğul olmağa başladı.
-Sirr deyilsə, qazandığınız mükafatları nəyə xərcləyirsiniz?
-Sirr deyil. Mükafatları bir az problemlərimiz var idi, ora xərclədik.
-Siz məşqçi olaraq fəaliyyət göstərirsinizmi, tələbələriniz varmı?
-Xeyr, aktiv idmançı olduğum üçün məşqlərdən buna vaxt qalmır. İnşallah idman karyeramı bitirdikdən sonra bu haqda fikirləşəcəm.
-İlham bəy, bir az da yaxın keçmişə qayıdaq. 2015-ci il Bakıda keçirilən ilk Avropa Oyunlarında çempion oldunuz. Mükafatlandırma mərasimində cənab prezidenti də birincilik kürsüsünə qaldırdınız. Bu həmin anda verilən qərar idi, yoxsa öncədən planlaşdırmışdınız?
Ə-vvəlcədən planlaşdırmışdım, amma bu haqda heç kimə deməmişdim. Bilirdim ki, onu kiməsə desəm məni fikrimdən daşındıra bilərlər. Bundan iki ay qabaq cənab prezident Atəşgahda məşəli alovlandıranda, orada mənim prezidentlə qısa bir dialoqum oldu. Dedim ki, mən 26 iyunda tatamiyə çıxacam və çalışacam ki, ali baş komandanımıza medal hədiyyə edim. Onda Mehriban xanım da dedi ki, İlham biz səndən yalnız qızıl medal gözləyirik. Mükafatlandırma mərasimində də mən onu ilk olaraq Silahlı Qüvvələrin Yaranması Günü münasibəti ilə təbrik etdim və fəxri kürsüyə qalxmasını istədim. Çox sağ olsun ki, istəyimi yerə salmadı. Çünki onun yeri elə birincilikdir. Avropa Oyunlarının Bakıda keçirilməsində böyük zəhməti olub. Oradakı dialoqumuz zamanı ona dedim ki, “Cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını uğurla yerinə yetirdi”. O da məni qucaqlayıb təbrik etdi və dedi ki, Azərbaycan səninlə fəxr edir.
-Siz yalnız idman tədbirlərində cənab prezidentlə görüşürsünüz, yoxsa başqa vaxtlarda da?
-Hansı tədbir olur dəvət edirlər, gedirəm. Dəvətsiz tədbirlərə getmirəm. Həmin tədbirdə cənab prezident də iştirak edirsə, görüşürük, başqa çür yox. Amma Olimpiya Oyunlarına yola salma və qarşılama artıq ənənəyə çevrilib. Həmişə bizi yola salanda deyir ki, əsas məqsədiniz odur ki, Azərbaycanı ləyaqətlə təmsil edəsiniz. Fərqi yoxdur uddunuz ya da uduzdunuz.
-İlham Zəkiyev bu gün Paralimpiya sahəsində nəyi dəyişmək istəyər ki, daha böyük uğurlar əldə edək?
-Bir az sponsorlar diqqəti paralimpiyadaçılara yönəltsəydilər daha yaxşı olardı. Cənab prezidentin qayğısı öz yerində, amma sponsorlara da ehtiyac var. Dünyada 2013-cü ildə ilk dəfə uşaq paralimpiya komitəsi yaradıldı, o da bizim paralimpiya komitəsinin nəzdində. Mən də oradakı komitənin idarə heyətinin üzvüyəm. Bilirsinizmi biz bu komitəni nə üçün yaratdıq? Çünki İlham Zəkiyevin davamçıları, çempionlarımız olmalıdır. Əsasını qoyduğumuz ənənə davam etməlidir. Bəzi valideynlər əlilliyi olan uşaqlarından utanır, onların fiziki qüsurlarını gizlətməyə çalışırlar. Utanmasınlar, gətirsinlər bizim komitəyə, onlarla mütəxəssislər məşğul olacaq. Kim bilir, bəlkə onların da arasından gələcəyin çempionları çıxdı. Əlillikdən heç kim sığortalanmayıb. Hər kəsin başına gələ bilər.
-Sonuncu yarışınızda rəqibiniz paralimpiyadaçı sayılmazdı, gözləri az da olsa görürdü. Onu hansı əsasla bu yarışa çıxartdılar?
-Yəqin yaxşı aktyoluq edib. Əslində idmançılar 3 kateqoriyada- B1, B2 və B3 olur. B1 heç görməyən mənim kimi, B2 bir az az görən, B3 də nonal səviyyədə olur. Bunların üçü də bir yerdə güləşir. Ona görə də azacıq aktyorluq edib keçirlər. Elə bir aparat yoxdur ki, kimin nə qədər gördüyünü göstərsin.
-Sizi heç hansısa görüşlərə dəvət edirlərmi?
-Avropa Oyunlarından sonra müraciət gəldi ki, ön cəbhədə əsgərlər səni görmək istəyir. Mən də böyük məmnuniyyətlə o dəvəti qəbul etdim. Avropa Oyunlarından sonra iyul ayında ön çəbhəyə getdik. Səfərimizə Şəmkirdən başladıq. Sonra da Murov dağa getdik, Goranboy, Ağdam və son nöqtəmiz isə Füzulidə mənim qulluq etdiyim hərbi hissə oldu. Kəşfiyyatçılar ilə görüşdük. Mən ora özümlə Avropa Oyunlarında dalğalandırdığım bayrağı da aparmışdım. Aparıb komandirə təhvil verdim ki, bu bayrağı idman arenalarında dalğalandırmışam verirəm sizə, siz də işğal altında olan torpaqlarımızı azad edib, Şuşada, Xankəndində dalğalandırarsınız. Onlar da götürdülər. Builki məlum aprel hadisələrində mənə zəng gəldi. Bir zabit qardaş idi, ağlaya-ağlaya dedi ki, Lələtəpədə dalğalanan bayraq sən verdiyin o bayraqdır. Mən də dedim ki, ora dememişdim Xankəndi, Şuşa demişdim. O, da dedi ki, inşallah ora da gedəcəyik.
-İdmançı dostlarınız çoxdur, yoxsa müğənni?
-Hər sahədən dostlarımız var. Şou əhlindən də tanışlarımız var. Azərbaycan idmançıları hansı yarışa gedirsə, mən həmişə zəng edib təbrik edirəm. Birinci məğlub olanlara zəng edirəm. Çünki onların dəstəyə daha çox ehtiyacı olur.
-Cüdodan başqa hansı idman növünə marağınız var? Məsələn futbol...
-Futbola marağım bir o qədər də yoxdur, amma “Qarabağ”ın avropadakı uğurlarına çox sevinirik. “Qarabağ” adını Avropada səsləndirmək özü böyük uğurdur. Qurban Qurbanov dostumuzdur, böyük insandır. İnşallah qələbələrin davamı gəlsin. Çox sağ olsunlar ki, Avropada bizi layiqincə təmsil edirlər. Düzdür, “Qəbələ”nin məğlubiyyətinə bir az məyus olduq.
-Bu müqayisə bəlkə də bir qədər yersizdir, amma bilmək istərdik. Sizin çıxış etdiyiniz idman növündə səviyyə baxımından Avropa oyunlarında çıxış edən idmançılar, yoxsa gələn il keçiriləcək İslam oyunlarındakı idmançılar daha güclüdür?
-Avropada mən 6 dəfə qalib olmuşam. Nəzərə alsaq ki, avropa çempionatı iki ildən bir keçirilir, cəmi 7 Avropa çempionatı təşkil olunub. Həmin çempionatlarından 6-da qalib olmuşam. Amma bilirəm ki, İslam Oyunlarında güclü və daha çox rəqiblərlə qarşılaşacağıq. Güclü ölkələrdən İran, İraq və Əlcəzair idmançıları yaxşı rəqiblərdir. Bu yarış daha çətin və məsuliyyətli olacaq. Karatedə İslam oyunları bizim idmançılar üçün çox çətin olacaq. Çünki karatedə ərəb ölkələrinin idmançıları çox güclüdür.
Qeyd: Qəhrəmanımız Azərbaycanlı paralimpiyaçı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və altıqat çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə mükafatlandırılmış, mükafatları saymaqla bitməyən, 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olan Qarabağ müharibəsi qazisidir.
Orxan Hacı
Foto: İlkin Babayev
Göstərdiyi xüsusi dəstəyə görə, "BUON Gusto"https://www.facebook.com/BUON-Gusto-213205645747319/?fref=ts" məkanına minnətdarlığımızı bildiririk.