Gəncə terroru ilə bağlı dünya ictimaiyyətinə müraciət!

Hit: 2779
Gəncə terroru ilə bağlı dünya ictimaiyyətinə müraciət!
MEA Hüquq və İnsan Haqları İnstitutu  Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən səfirliklərinə,  dünya dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, eyni zamanda dünya ölkələrində İnstitutumuzun tərəfdaşı olan  elmi və pedoqoj müəssisə və təşkilatlara Gəncə terroru ilə bağlı 11 oktyabr 2020-ci il tarixində 3 dildə (azərbaycan, rus, ingilis) beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə bağlı müraciət ünvanlamışdır.

Faktor.az həmin müraciəti təqdim edir:
 
Dünya ictimaiyyətinə müraciət!
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının videoformat şəklində aparılan iclasında çıxış edərək Ermənistan tərəinin Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə aldığını, təxribatlar törətdiyini və Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığının nümayiş etdirdiyini BMT-nin sessiyasında təşkilatın baş katibi Antoniu Quttereşə və bütün üzv dövlətlərin dövlət başçılarına çatdırmışdır. Lakin Ermənistan Azərbaycan Respublikasına növbəti təxribat törətmək və ərazilərimizi yenidən işğala məruz qoymaq məqsədilə bütün hərbi imkanlardan istifadə edərək hücuma keçmişdir. Bunun nəticəsi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuş və Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olmuşdur. Eyni zamanda mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.
 
Buna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dinc əhalinin təhlükəsizliyini qorumaq və qoşunların təmas xəttinin yaşayış məntəqələrindən uzaqlaşdırılması məqsədilə ordumuza əks hücum əmri vermişdir. Ölkə başçısı bütün çıxışlarında BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3, 5, 12 və 28-ci maddələrini rəhbər tutaraq Azərbaycan ordusunun məqsədi hərbi obyektləri və hərbi texnikanın zərərləşdirilməsi məqsədi ilə zərbələr endirilməsini və işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan dinc əhaliyə yönəlmədiyini dəfələrlə səsləndirmişdir. Bunun nəticəsi olaraq silahlı qüvvələrimiz yalnız hərbi obyektləri və texnikanı hədəf almışdır. Bunlara baxmayaraq Ermənistan tərəfi məqsədyönlü olaraq əhali arasında panika yaratmaq məqsədilə və bütün beynəlxalq konvensiyalara, xüsusən Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycan Respublikasının bütün təmas boyunca yerləşən yaşayış məntəqələrini hədəf almışdır.
 
10 oktyabr tarixində Moskva şəhərində Rusiya Federasiya, Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutmuş və görüşün nəticəsi olaraq humanitar məqsədlərlə atəşkəsin tətbiq olunması qərara alınmışdır. Lakin buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddindən xeyli uzaqda yerləşən bir neçə sərhəddən kənar şəhərimizi uzaqmənzilli raket atəşinə tutmuşdur. Ən ağır zərbə 11 oktyabr gecə saat 02:00-da əhali sayına görə ölkəmizin ikinci ən böyük şəhəri olan və döyüş zonasından xeyli aralıda yerləşən Gəncə şəhərinə vurulmuşdur. Bu Ermənistan silahlı güvvələrinin Gəncəyə növbəti raket atəşi daha iri çaplı raketdəndən atılaraq sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdir. Raket zərbəsi nəticəsində 35 nəfər xəsarət almış və 9 nəfər həlak olmuşdur. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv olunmasına, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinə yönəlmişdir.
 
Ermənistanın bu addımının müharibə cinayəti olduğunu və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Beləliklə;
 
1.     1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas sənədləridir və Ermənistan Azərbaycanın dinc əhalisinə terror aktı həyata keçirərək qeyd olunan sənədlərin müddəalarını kobud şəkildə pozmuşdur. 
 
2.     BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki, “Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir”.
 
3.      Ermənistan insanlıq əleyhinə hərbi cinayətlərə yol verib. Belə cinayətlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Məhkəməsi mövcuddur. Bu məhkəmə işğal, insanlıq əleyhinə hərbi cinayətlər, soyqırımı kimi cinayətlərə baxır. Unutmaq lazım deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 13-cü maddəsi mövcuddur. Bir və bir neçə belə cinayət törədildikdə, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə istintaqın başlaması üçün müraciət edə bilər.
 
Nürnberq, Ruanda, keçmiş Yuqoslaviya məhkəmələrinin nizamnamələrinə uyğun olaraq, Ermənistan dövləti tərəfindən törədilmiş terror aktı da hərbi cinayət hesab olunmalı, beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır.
 
Yekunda qeyd olunmalıdır ki, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına və ümumiyyətlə insanlığa zidd olan bu hərəkətlərini AMEA Hüquq və İnsan Haqları İnstitutu olaraq pisləyir, dünyadakı tərəfdaşlarımıza bizə dəstək göstərməsi üçün müraciət edirik.








Redaktorun seçimi