İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Hit: 2068
İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.
 
Faktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.
 
Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.
 
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.
 
Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.
 
BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.
 
Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.








Redaktorun seçimi