Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

58 dəfə oxunub
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona təbrik məktubu ünvanlayıb.

Faktor.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

Neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".



Redaktorun seçimi