Prezident İlham Əliyev yenidən qurulan "Bakmil" stansiyasında yaradılan şəraitlə tanış olub

Hit: 903
Prezident İlham Əliyev yenidən qurulan "Bakmil" stansiyasında yaradılan şəraitlə tanış olub

Giriş-çıxış birbaşa ikinci mərtəbədəndir, platformanı isə çətir qoruyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 26-da Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. 1970-ci ildə açılan və 9 il ərzində "Nərimanov" elektrik deposunun platforması sayılan bu stansiya müasir səviyyədə yenidən qurulub. Stansiyasının əsas memarlıq görkəmi saxlanılaraq fasadı yenilənib. Qeyd edək ki, ilk dövrlərdə stansiyanın yerində yalnız bir platforma var idi. 1970-ci illərdə həmin ərazidə sənaye müəssisələrinin sürətli inkişafı bu platformanın yerində bir yan platformalı yerüstü stansiyanın yaradılması zərurətini doğurdu. Ümummilli lider, o illərdə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin tapşırığına əsasən, ikimərtəbəli geniş vestibüllü “Elektrozavod” stansiyası inşa olundu. 1979-cu ildə stansiya statusu aldıqdan sonrakı illərdə stansiyada əsaslı təmir işləri aparılmayıb. Uzunmüddətli istismar, həmçinin açıq hava şəraiti stansiyanın yenidən qurulmasını zəruri edib.
Yenidənqurmadan sonra "Bakmil" stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətində olacaq. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan bu stansiya Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Stansiyanın infraskturkturu və görkəmi tamamilə yenilənib. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələlərində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Etibarlılığının, davamlılığının və uzunömürlüyünün artırılması məqsədilə sərnişin platforması tamamilə sökülüb, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib.Platformanın gözləmə zalı da təmir edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə-platforma səviyyəsində qəbul etməsidir. Bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.
Ən əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağıntılardan qorumaq baxımından əhəmiyyətlidir. Bununla həm də burada gecə vaxtlarında qatar saxlanmasına imkan yaranıb.
Stansiyada bütün kommunikasiya xətləri tam yenilənib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib, gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb, stansiyanın dəmir yolu beton şpallar əsasında yenidən qurulub, memarlıq görkəmi saxlanılmaqla fasad gücləndirilib. 
Fəaliyyət göstərdiyi 40 il ərzində stansiya yaxınlığından keçən avtomobil yolunda asfalt örtüyünün mütəmadi yenilənməsi nəticəsində birinci mərtəbənin döşəməsi 60 santimetr aşağı enmişdi. Bu isə səviyyə uyğunsuzluğu yaradaraq, stansiyanın birinci mərtəbəsinin yağıntılardan mühafizəsini xeyli çətinləşdirmişdi. Yenidənqurma zamanı bu məsələdə də həllini tapıb. 
Stansiyanın ətrafında da abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Bir sözlə, burada yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtın nəqliyyat sisteminin mühüm elementi olan Bakı metrosu son illərdə sürətlə inkişaf edib. Bu inkişaf özünü istər yeni, müasir metro vaqonlarının alınmasında, istər yeni metro xəttlərinin istifadəyə verilməsində, istərsə yeni stansiyaların inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulmasında daha aydın göstərir. Bütün bunlar metronun maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət etməklə şəhər sakinləri və paytaxtlmıza gələn çoxsaylı turistlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsini daha da yüksəltməyə imkan verir. 
Onu da deyək ki, 2019-cu ildə Bakı metropoliteninin daha bir stansiyası tam yenilənmiş görkəmi və infrastrukturu ilə sərnişinlərin istifadəsinə veriləcək. Belə ki, hazırda "Xətai" stansiyasının yenidən qurulması uğurla davam etdirilir.
 




















Redaktorun seçimi