Prezident İlham Əliyev - "Siz sadəcə, utanmalısınız" - VİDEO

631 dəfə oxunub
Prezident İlham Əliyev - "Siz sadəcə, utanmalısınız" - VİDEO
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
 
Müşavirəni açan Prezident İlham Əliyev çıxışında deyib:

-Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.
İyulun 3-ü axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün dövlət orqanlarının nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.

Nəqliyyat məsələləri tənzimləndi. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, bütün dövlət qurumları bu ağır vəziyyətdə çox çevik fəaliyyət, böyük peşəkarlıq göstərmişlər və biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik.

Ancaq iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək.

 



Redaktorun seçimi