Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşüb - FOTOLAR

Hit: 124
Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşüb - FOTOLAR

Azərbaycanın I vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb.

Faktor.az xəbər verir ki, UNESCO-nun baş direktoru Odre Azule Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirib.

Qeyd edib ki, bu tədbir Koişiro Matsuuranın 80 illiyi ilə yanaşı, ümumiyyətlə, UNESCO-nun missiya, məqsəd və fəaliyyətini təcəssüm etdirir.

Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

M. Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə UNESCO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr verib.

Mehriban Əliyeva Azərbaycan mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib.

Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirilib.

Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.

Birinci vitse-prezident Mehriban Əliyeva baş direktor Odre Azuleni Azərbaycana səfərə dəvət edib.

 

 









Redaktorun seçimi