Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır

Prezident İlham Əliyev bugünlərdə keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bir daha önəmli mesajlar verdi. Cənab Prezident diqqətə çatdırdı ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq öz həllini tapıb və münaqişə keçmişdə qalıb. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı münaqişəyə nöqtə qoyub. Bu Bəyanat hər iki tərəfdən minlərlə insanın ölümünün qarşısını alıb və həmin sənədə uyğun olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb. Bu sənədin imzalanmasından əvvəl isə, Azərbaycan Silahlı Qüvvələri şəhərlər və kəndlər də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini hərbi yolla azad edib.
Məlumdur ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas vəzifələr azad edilmiş ərazilərin minalardan təmizlənməsi və ərazilərin bərpa olunmasıdır. Müharibə bitəndən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Bütün bunlar Ermənistanın minalanmış sahələrin tam xəritələrini verməkdən imtina etməsinin nəticəsidir. Azərbaycana verilmiş az sayda xəritələrin isə dəqiqliyi təqribən 25 faiz təşkil edir.
Ermənistanın işğalından Azad edilmiş ərazilərimizdə 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə isə işğalçılar donuz və inək saxlamaqla müsəlmanları təhqir edirdilər. Füzulidə, Ağdamda və onların bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Təsadüfi deyil ki, Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Cəbrayılda cəmi 2 bina salamat qalıb ki, orada da Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid isə “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayının çirkləndirilməsi ekoloji fəlakətə gətirib çıxarıb.
Hərbi əsirlər məsələsinə gəlincə isə, Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə qaytarmasından daha əvvəl geri qaytarıb. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmiş 62 nəfərdən ibarət təxribat qrupu isə beynəlxalq konvensiyalara müvafiq olaraq hərbi əsir hesab edilə bilməzlər.
Qeyd etmək lazımdır ki, bütövlükdə postmünaqişə dövrü sakit keçir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib.
Üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll olunması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Bundan başqa, Azərbaycanın Ağdam rayonu ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaradıb və həmin mərkəz fəaliyyət göstərir.
Cənab Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaq.
Jalə Əhmədova,
Milli Məclisin deputatı


