Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Hit: 1651
Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizdə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar,  AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) onlayn şəkildə dahi alimin yubileyinə həsr olunmuş mini-konfrans keçirilib.
 
Yığıncağı Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq mini-konfrans iştirakçılarını salamlayıb və tədbirin işinə müvəffəqiyyət arzulayıb.
 
Sonra N.Cəlilov dahi alim Lütfi Zadənin qısa tərcümeyi-halı, keçdiyi elmi yaradıcılıq yolu və onun dünya elmində tutduğu mövqeyi haqqında məlumat verib. Alim bildirib ki, Lütfi Zadə dünya miq­ya­sında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və labora­to­ri­ya­lar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
 
Daha sonra B.Rəcəbov dahi alimin irəli sürdüyü nəzəriyyələr, elmdə etdiyi yeniliklər, onların dünya elminə, texnologiyasına və iqtisadiyyatına verdiyi böyük səmərə haqqında ətraflı məruzə edib. Həmçinin Lütfi Zadənin həyat və yaradıcılığına dair əməkdaşlardan K.Hüseynov, O.Salehli məruzə ediblər. Alimin nəşr etdirdiyi kitab və məqalələr, onun biblioqrafiyası haqqında isə N.Abdullayeva çıxış edib. Məruzələr konfrans iştirakçılarında böyük maraq doğurub və iştirakçılarda alimin həyat və fəaliyyəti haqqında dolğun təsəvvür yaradıb.
 
Daha sonra AMEA-nın müxbir üzvü Namiq Cəlilovun və professor Nəriman İsmayılovun sədrliyi ilə iki elmi sessiyadan ibarət olan mini-konfrans elmi məruzələrlə fəaliyyətini davam etdirib.
 
Şamaxı Astrofizika Rəsədxanasında aparılan elmi işlərin nəticələrini əks etdirən məruzələr əsasən gənclər tərəfindən Azərbaycan və ingilis dillərində edilib. Yığıncaqda ümumilikdə 30-a yaxın məruzə edilib. Milli Aviasiya Akademiyasının, Ekologiya İnstitutunun və Milli Kosmik Agentliyinin əməkdaşlarının məruzələri isə stend məruzə şəklində konfransa təqdim olunub.







Redaktorun seçimi