Dörd kəndin geri qaytarılması sülh müqaviləsi yolunda mühüm nailiyyətdir - ŞƏRH

Hit: 904
Dörd kəndin geri qaytarılması sülh müqaviləsi yolunda mühüm nailiyyətdir - ŞƏRH
Bu günlərdə Ermənistanla Azərbaycan arasında Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində Qazaxın işğal edilmiş dörd kəndinin geri qaytarılması barədə razılığın əldə edilməsi  sülh sazişinin imzalanması istiqamətində əldə edilmiş mühüm uğurdur. Qazax rayonunun Ermənistanın işğalı altında olan dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətimizin növbəti nailiyyətidir.  Prezident  bu məsələ barədə danışarkən bildirmişdi ki, Ermənistanla delimitasiya və demarkasiya məsələlərini tənzimləmək və sülh sazişinə getmək yolunda ilk addım işğal olunmuş dörd kəndin qaytarılmasıdır. Son günlərdə bir sıra ölkələrin Ermənistanla Azərbaycan arasında əldə olunmuş bu razılaşmanı alqışlayan bəyanatlar verməsi isə bu məsələnin bütün dünyanın diqqət mərkəzində olduğunu göstərir. 
 
Azərbaycanın son illərdə qazandığı nailiyyətlərə nəzər salsaq, görərik ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı dövrünü yaşayır.  Ölkəmiz 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü dövlətə çevrilib. Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl Azərbaycandan çıxarılması isə ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması, həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlamış prosesin uğurlu sonluğu deməkdir.
 
Ermənistanın nəhayət ki, reallığı başa düşərək  Azərbaycanın dörd kəndinin geri qaytarılması barədə razılığa gəlməsini münasibətləri normallaşdırmaq yolunda mühüm addım kimi dəyərləndirmək olar. Delimitasiya komissiyaları arasında keçirilmiş görüş nəticəsində əldə olunan bu razılıq bir daha göstərir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində problemlərini həll edə bilərlər. Bu, o nu deməyə əsas verir ki, kənar qüvvələr, regionda maraqları olan dairələr prosesə müdaxilə etməsələr, tezliklə regionda sülh və sabitlik bərqərar olunacaq. Azərbaycan müharibə yox, sülh, əmin-amanlıq istəyir. Ümid edirik ki,  Azərbaycanın Ermənistanla mehriban qonşuluğun yaradılması istiqamətindəki səyləri  öz bəhrəsini verəcək və tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaqdır. 
 
Milli Məclisin deputatı Jalə Əhmədova








Redaktorun seçimi