“Hər şey Vətən üçün!”

Hit: 404
“Hər şey Vətən üçün!”
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan, çətin, lakin şərəfli bir yola çıxdı. Ürəyi Vətən sevgisi ilə döyünən, uşaqlı-böyüklü, qocalı-cavanlı, əsgərindən mülki vətəndaşına qədər hər kəs, ölüm-qalım mübarizəsinə qoşuldu. 30 ilə yaxın müddətdə dözüm, səbr nümayiş etdirərək gözlədiyi haqq savaşının “müsəlləh əsgəri” kimi, “hər şey Vətən üçün” şüarı ilə bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün əsl birlik, cəsarət, mərdlik nümayiş etdirdi. Məhz bu tarixdə başlanan və 44 gün davam edən müharibə tarixə Vətən Müharibəsi adı ilə daxil oldu.
 
Əbədi olaraq böyük şərəf və qürur hissi ilə xatırlanacaq həmin günlər ərzində Azərbaycan xalqı görünməmiş birlik nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu döyüş meydanında düşmənə göz açdırmadı. İşğal altında olmuş torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına düşmən tapdağından təmizləndi. Məhz Ölkə başçısının düşünülmüş, qətiyyətli, müdrük siyasətinin məntiqi nəticəsi idi ki, uzun illər münaqişənin həll edilməsində maraqlı olmayan beynəlxalq birlik Azərbaycanın haqq işinə mane ola bilmədi. Əlbəttə ki, Vətən Muharibəsindəki tarixi Qələbə təkcə səngərlərdə qazanılmadı. Hələ muharibənin gedişində cənab Prezident İlham Əliyev informasiya savaşında da dünyanı mat qoymuşdu. Bəli, müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Muharibədən sonrakı dövr isə xalqımızın hər bir nümayəndəsi üçün daha həssas idi.  Bu faktdır ki, muharibələr itkisiz olmur. Xalq olaraq bu itgilərin acısını, ağrısını birgə yaşadıq.
 
Düşmən işğalından azad edilən torpaqlarımız, 30 ildir gözlədiyimiz Zəfər, qaytarılan milli qürurumuz bu acıların təsəllisinə çevrildi. Şəhid anaları, ataları, həyat yoldaşları başlarını dik tutdular, Vətən sağ olsun dedilər. Məhz buna görə də dövlətimiz hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bu gün istər I Qarabağ Müharibəsi zamanı, istərsə  Vətən Müharibəsi, istər antiterror əməliyyatları, istərsə də digər döyüşlər zamanı şəhid olmuş vətəndaşlarımızın ruhu şaddır. Şəhid olmuş, əsir götürülərək öldürülmüş insanlarımızın qanı yerdə qalmayıb. Onların qisası düşməndən döyüş meydanında alınıb. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Bir zamanlar mənfur düşmənin separatizm yuvasına çevirdiyi tarixi Xankəndi şəhərində bayram tonqalı alovlandırılır. Cənab Prezidentin “Zəfər” Meydanı adlandırdığı Xankəndi şəhərinin əsas meydanında xalqa bayram təbriki, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır. Artıq yerləşdiyimiz regiona sülhün gəlməsinin vaxtıdır. Boş, sərsəm xəyallarla beyinləri doldurulmuş erməni milləti anlamalıdır ki, əbədi olaraq müharibə şəraitində yaşamaq mümkün deyildir. İnanırıq, ümid edirik ki, baş verənlərdən erməni cəmiyyəti nəhayət ki, dərs çıxaracaq, normal, dinc şəkildə, qonşuluq prinsiplərinə əsaslanan yaşayışı qəbul edəcəkdir.
 
Ülviyyə Abdullayeva;
Neftçala rayonu, müəllim
 








Redaktorun seçimi