“Xəzan” ədəbi-bədii jurnalının fevral (2018) sayı çapdan çıxıb.
Sıra sayı ilə bu, jurnalın 13-cü sayıdır – baş redaktor on üçüncü addımı uğurlu addım hesab edir. Belə ki, baş redaktorun “On üçüncü uğur – on üç rəqəminin uğuru” başlıqlı yazıda jurnalın qısa müddətli (cəmi iki il) nəşr tarixinə nəzər salınmış, hər iki ildə ayrı-ayrılıqda çap materiallarının paralel təhlili aparılmışdır.
Jurnal Muğam ustası Arif Babayevin (80 illik yubileyi münasibətilə), şair Ramiz Duyğunun (80 illik yubileyi münasibətilə) və şair Ramiz İsmayılın (70 illik yubileyi münasibətilə) həyat və yaradıcılıqlarından bəhs edən yazılarla başlayır.
Poeziya həvəskarları jurnalın fevral sayında Ələsgər Talıboğlunun “Qara sevdaların yolçusu” poeması, Ramiz İsmayılın, Şahməmməd Dağlaroğlunun, Aygün Sadiqin, Rafiq Akif, Rəhman Bayram, Rəhman Süleymanoğlu, Qoşqar Qaraçaylı, Sevil İşıq, Hacıməmməd Məmmədov, Əfsanə Rəvan, Təhməz Budaq, Mütəllim Həsənov və Azad Qəlbinurun rəngarəng şeirləri ilə tanış ola bilərlər.
Nəsr sahəsində Zəka Vilayətoğlunun, Fəxri Uğurlunun, Nemət Bəxtiyarın və Rəşid Bərgüşadlının, eyni zamanda Rəşid Bərgüşadlının müsabiqəsinə təqdim olunmuş Şəfaqət Cavanşirzadənin, Ayaz İmranoğlunun, Yaşar Bünyadın, Yaşar Süleymanlının, Əli bəy Azərinin, Kəmalə Əliyevanın, Hicran Hüseynovanın, Meyxoş Abdullanın, Gülşən Mustafanın, Mina Rəşidin esse və hekayələri yer almışdır.
Rəna Mirzəliyevanın “Anaların anası – anam” essesində, Sabir Hüseynovun “Məni unutmayın” xatirə-oçerkində ötən günlərə nəzər salınmış həyatda əsaslı rol oynayan insanların mükəmməl obrazları yaradılmışdır.
Vaqif Yusifli “Şəki ədəbi mühitinin tədqiqi” yazısında filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun dəyərli tədqiqat işlərinin nəticəsi olan kitabdan bəhs edir.
Ələsgər Talıboğlu “Şərəfli bir ömür qoyub gedirəm” başlıqlı yazısında şair Vaqif Məmmədovun yaradıcılığına nəzər salmışdır.
Məlahət Yusifqızı “Azadın ilk “İsmi Pünhan”ı” yazısında Azad Qəlbinurun bu adlı kitabına işıq salmağa çalışmışdır.