Faktor.az poeziyamızda öz dəst-xətti olan mərhum şair Əli Ağa Aslanın şeirlərini təqdim edir:
DAĞ OLASIYAM
Yığılıb dünyanın qəmi gözümə,
Ağrılar qəlbimi didib-dağıdır.
Mən ağı deyirəm hərdən özümə,
Deyirlər bəxtəvər dərdin dağıdır.
Bəxtəvər deyirlər, bəxtimə bir bax,
Ahımdan bu dünya bəlkə də doyar.
Qəlbimdə ucalan ən adi bir dağ
Ən uca dağları kölgədə qoyar.
Hanı məndə o bəxt, könlüm yarıya?
Dərdimi danışsam daşa, daş mələr.
Mən Araz dərdimi bölsəm yarıya,
Dünyanın dərdiylə başabaş gələr.
Qalıb dumanlarda ömrü yazımın,
Ümidim dağların qarı kimidi.
Mənim Vətən adlı dərdli sazımın
Araz qəlb dağlayan sarı simidi.
Bir canlıq halaca qanımdan keçib
Taleyin üzünə ağ olasıyam.
Bu dərdə can dözməz, canımdan keçib
Bir gün dumanlaşıb dağ olasıyam.
İNDİ GƏL
Bu sevgi də bir nəğməydi, bitirdik,
Könül sazım qəm kökündə dindi, gəl.
İtirməli nə vardısa, itirdik,
Tapdığımız dərdin sayı mindi, gəl.
Qəm sayalı, saylı yollar istəməz,
Çal-çağırlı, haylı yollar istəməz.
Ayrılıqlar aylı yollar istəməz,
Zülmət oldu yollarımız indi, gəl.
Kipriklərim sübhə qədər daş çəkir,
Ağlar gözüm xəyallardan yaş çəkir.
Kədər mənə gündə yüz yol baş çəkir.
Ürəyində nə qəzəbdi, kindi? - Gəl!
Haqq sevənə haqq divanı qurulmaz,
Göz yaşlarım ölənəcən durulmaz.
Kimsə mənə dərdim kimi vurulmaz,
A bəxtəvər, arzuların çindi, gəl.
* * *
Kürəklərə söykənəsi kürəkdim,
Qayalardan daş qoparan küləkdim.
Neçə kərə ümid adlı gül əkdim,
Bircə qarış boy atmadı, atmadı.
Neçə güman yolunda od qaladım,
Dedim: - Barı bir ürəkdə qal, adım!
Neçə günü bir-birinə caladım,
"Ötən günə gün çatmadı, çatmadı".
Söndürmədim bir sevginin közünü,
Danışmadım bir kimsənin sözünü.
Yuxu tutdu sevincimin gözünü,
Ürəyimdə qəm yatmadı, yatmadı.
Duman gəldi, dağ, salamat qal dedim,
Xəzan gəldi, bağ, salamat qal dedim.
Bir gözələ sağ-salamat qal dedim,
Heç dalımca su atmadı, atmadı.
BU YURDUN İTKİLƏRİ
Bu yer üzü cəncəl idi, cəng idi,
Ömür yolu ləngər idi, ləng idi.
Neçə ümüd ünvanına ləngidi,
İtkiləri tapılmadı bu yurdun.
Yol itirdi yol azdıran dumanlar,
Yorulmadı itik gəzən gümanlar.
Kədər tapdı qəmdən sevinc umanlar :
İtkiləri tapılmadı bu yurdun.
Ümid dağı külüngləndi, çapıldı,
Ümidsizlər xəyallara qapıldı.
Bir itiyin yüz gümanı tapıldı,
İtikləri tapılmadı bu yurdun.
Qəmli günlər bir ömürdən adladı.
Dəli həsrət neçə dizi qatladı.
Səbr daşı dözəmmədi, çatladı,
İtikləri tapılmadı bu yurdun.
Yollarını duman kəsdi, qar aldı,
Bu gen dünya göz önündə daraldı.
Qara gözlər kökünəcən saraldı,
İtikləri tapılmadı bu yurdun.
HƏSRƏTƏM
O mənəm -həsrəti gözündə uyan,
Çiçəyi içində, özündə duyan.
O mənəm-dərdini gözündə yuyan,
Zülfü sinəsində saza həsrətəm.
Gözümü qəzəbdən, kindən eləyən,
Saçımda bir dəni min dən eləyən.
Sənanı imandan dindən eləyən,
Kərəmi yandıran naza həsrətəm.
Sevinci az tapdım, az da itirdim,
Könlümün dincliyin nazda itirdim.
Sevdiyim gözəli yazda itirdim,
O gündən bu günə yaza həsrətəm.
GECƏLƏR
Tək içmişəm dərdin-qəmin camını,
Yar bilməyib, yad bilməyib tamını.
Xoş yalanla aldatmışam hamını,
Könül yasın saxlamışam gecələr.
Nə ağrıdı, yerikləyib qanıma?...
Öz ağrımdı, tanımırsan, tanıma.
Qollarımın arasında canıma
Layla deyib çağlamışam gecələr.
Fələk döyüb haqlı-haqsız dinəni,
Atsız qoyub özgə atın minəni.
Qəm-qüssənin yandırdığı sinəmi
Mən özüm də dağlamışam gecələr.
Həmdəm olub həsrət adlı dəlimlə,
Baş qatmışam kədər adlı təlimlə.
Göz yaşımın dəhnəsini əlimlə
Öz könlümə bağlamışam gecələr.
Durar-durmaz ümid verib salamı,
Gündüz hörüb axşam uçan qalamı.
Xəyalımla böyütmüşəm balamı,
Özüm üçün ağlamışam gecələr.
QORXURAM
Gülüm, son bahardı eşqin sonu da,
Payız libasını geyib getmisən.
Qorxduğum bir kəlmə sözdü, onu da
Yəqin küləklərə deyib getmisən.
Bu istək göz yaşı, bu arzu suydu,
Haçan gözlərimdən axdı, bilmədim.
Son görüş qəlbimin son arzusuydu,
Qəfil çıxıb getdin, vaxtı bilmədim.
Beləmi çəkirsən dağı sən mənə?
Deyən olacaqmı: ey, niyə təksən?
Ürəyim deyirdin axı sən mənə,
Ürəksiz ay dəli, neyləyəcəksən?
Bir qərib yolçuyam, aşıq da ollam,
Eynimə yüz cürə havacat gələr.
Sağ olmuş, dərdindən saralıb-sollam,
Demirsən başıma hava-zad gələr?!
Sonsuz sevgi də var, sonsuz da zülüm,
Ahım saçımdakı dənə görədi.
Dəli olasıyam onsuz da gülüm,
Qorxuram deyələr sənə görədi.
SƏNSİZ
Ayrıldıq, ömür yox o gündən bəri,
Varmı bu kələfin çözümü sənsiz?
Hicrana kim dedi bu "xoş" xəbəri,
Söndürdü qəlbimdə közümü sənsiz?
Dərdin gözü məndə qalıb, aparsın,
Ağladıb, gözündən salıb aparsın.
Qoy məni küləklər alıb aparsın,
Neynirəm bu səbri, dözümü sənsiz?
Oxudum qəlbini sirr olsan da sən,
Bircəyim olmadın, bir olsan da sən.
Səcdənə gəlmərəm, pir olsan da sən,
Qibləsiz qoyaram gözümü sənsiz.
Yol olmaz gördüyün iz indən belə,
Döyməyə yarayar diz indən belə.
Üz-üzə gəlmərik biz indən belə,
Yollara deyərəm sözümü sənsiz.
Pərişan ömrümə düzgü sən idin,
Bir az gec görəndə üz, küsən idin.
Bu dünya bildiyim güzgü sən idin,
Ölüncə görmərəm özümü sənsiz.
GƏLMƏDİ
Bu dərdi çəkdiyim ildi bəlkə də,
Vəfasız əhdini dandı, gəlmədi.
Eşqimi qəlbindən sildi bəlkə də,
Unutdu peymanı, andı, gəlmədi.
Sevəndə ah idi, söz indi sözdü,
Könül aynasıydı, göz indi gözdü.
Gedəndə demişdim döz, indi dözdü,
Ayrılıq oduna yandı, gəlmədi.
Çox dedim könlünü alım, - yox dedi,
Dərdini çəkməyə halım yox, - dedi.
Dedim gəl barışaq, zalım yox dedi,
Qəsdi uzaq olsun, qandı, gəlmədi.
Sevgisi haqdandı, yalan deyildi,
Sevdiyin nəzərdən salan deyildi.
Küssə də indiyə qalan deyildi.
Yəqin öldüyümü sandı, gəlmədi.
GƏLİB
Bitməz könlümün fəryadı,
Dərdlərimin cəmi gəlib.
Gözlərim göldü, dəryadı,
Sahilinə gəmi gəlib.
Şah oldum nədən, - quludum,
Şah oldum, öldüm, unudun.
Ağlayıb gedən buludun
Gözlərimə nəmi gəlib.
Ağıdı könlümün səsi,
Kim var ki, kimdən küsəsi?
Mənə bir eşqin qüssəsi,
Bir sevdanın qəmi gəlib.
Yoxdu qanı bu ağılın,
Sonu hanı bu nağılın?
Durun başımdan dağılın,
Ayrılığın dəmi gəlib
KEF ÇƏKİRƏM
Bəxtimə künc-bucaq düşüb
Kor tale, kor ocaq düşüb.
Sevinc məndən qaçaq düşüb,
İndi dərddən nəf çəkirəm.
.
Kasıb-kusub,lütün günü...
Şüklürlüdü itin günü.
Əldə qələm bütün günü
Özüm üçün 《ev çəkirəm》.
.
Könül verdim yara,dandı,
Məndə o bəxt haradandı?!
Korluğum pul-paradandı
Qəm sarıdan kef çəkirəm.
***
Bezdik daha bu dünyadan,
Varıb haqqa yetək, könül.
Biz kimik ki, Yaradanla
Can davası edək, könül?!
Haqqın yolunu azmarıq ,
Haqsıza qulaq asmarıq,
Öllük, üzəngi basmarıq,
Bizlik deyil yedək,könül.
Gəl çıxaq, bura daldadadır,
Görək aləm nə haldadır?
Dünya hamını aldadır,
Sür köçünü gedək, könül.