Alimlər - 66 milyon il əvvəl Yerə düşən nəhəng meteoritin tozu Aya çatıb

Hit: 580
Alimlər - 66 milyon il əvvəl Yerə düşən nəhəng meteoritin tozu Aya çatıb
Alimlər bildirirlər ki, 66 milyon il əvvəl Atlantik okeanına düşən və dinozavrların kökünün kəsilməsinə səbəb olan nəhəng meteoritin yaratdığı fəlakətin ağlasığmaz miqyası onun tozunun Aya da çatdığını ehtimal etməyə əsas verir.
 
Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, "The New York Times" nəşri meteoritin düşməsindən sonra yaranmış Çiksulub sualtı kraterini tədqiq edən alimlərdən ibarət qrupun rəhbəri - dəniz geoloqu Şon Qlikin bununla bağlı fərziyyələrinə yer verib. Alim qeyd edib: "Meteoritin düşməsindən sonra yaranmış kataklizm zamanı meydana gələn parçalar Aya da çatıb".
 
Diametri 180 kilometr olan və Yukatan yarımadasında yerləşən Çiksulub sualtı kraterinin tədqiqi 2016-cı ildən bəri okeanların öyrənilməsi üzrə beynəlxalq proqram çərçivəsində həyata keçirilir. Alimlər burada qazıntılar apararaq kompüter tomoqrafiyası və həssas maqnit ölçər cihaz vasitəsilə əldə olunmuş süxurların analizini aparıblar. Nəticələr göstərib ki, meteoritin düşdüyü ilk saniyələrdə 48 kilometr dərinliyində krater əmələ gəlib. Atmosferə qaya parçaları və qaynar lava ilə birlikdə yerin qatında olan külli miqdarda kükürd birləşmələri də qalxıb. Alimlər hesablayıblar ki, meteoritin düşməsindən 3 dəqiqə sonra kraterin divarları da əriməyə başlayıb və planetimizin ən yüksək zirvəsi olan Everest hündürlüyündə qaynar lava dağı yaranıb. Fəlakətdən 20 dəqiqə sonra isə okean suları krateri doldurmağa başlayıb və atmosferdəki tullantılar yerə düşməyə başlayıb.
 
Götürülmüş nümunələrin tədqiqi zamanı alimlər üzvi mənşəli kül izləri tapıblar. Şon Qlik hesab edir ki, onları sunami nəticəsində nəhəng dalğalar kraterə geri qaytarıb. Alimlərin yekun qənaətinə görə, 7-14 kilometr arası diametri olan nəhəng meteorit 66 milyon il əvvəl Yerə düşüb və kəskin soyuqlara səbəb olaraq bir çox canlıların, o cümlədən dinozavrların tələf olmasına səbəb olub. Ehtimallara görə, dinozavrlar Yer üzündə 230 milyon il əvvəl meydana gəliblər və onların ən fəal zamanı Yura dövrü (201 milyon - 145 milyon il əvvəl) və Mezozoyun son mərhələsi olan Tabaşir dövrünə (145 milyon-66 milyon il əvvəl) təsadüf edib.








Redaktorun seçimi