Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?

35 dəfə oxunub
Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?
Ürfan məqamında qalıcı olmaq üçün lazım olan şərtlərdən biri də ədəb və əxlaqa riayət etmək və Allahın qanunlarına hörmət etməkdir. Əslində Allah yolunun yolçusu Məhbubu tərəfindən deyilən hər bir hökmü əziz tutmalı və Ona təzim etmək yolunda səy göstərməlidir.
 
Hədislərimiz buyurur ki, Allahın əmrlərinə hörmətsizlik etmək üç növ olur:
 
1. Beytul-Haramda Allahın qanunlarına hörmətsizlik etmək.
 
2. Allahın Kitabına hötmətsizlik etmək və ona əməl etməyi tərk etmək.
 
3. İtaəti vacib olan kəslərə hörmətsizlik etmək. O cümlədən Rəsula (s), İmamlara (ə).
 
Allaha itaətsizlik deyildikdə, Onun qanunlarından boyun qaçırtmaq və itaəti vacib olan kəslərə itaətsizlik etmək nəzərdə tutulur.
 
Faktor.az deyerler.org-a istinadən bildirir ki, ürfan yolunda irəliləmək üçün həm batini və həm də xarici qanunlar vardır. Həcc əməli Allahın əmrlərinə təzim etməyin ən bariz nümunəsidir. O şeyləri ki, Allah həcc əməlləri zamanı haram buyurmuşdur, onlara əməl etmək - İlahi təzimi yerinə yetirməyin yollarından biridir.
 
Bununla yanaşı, insan batini təzimi təmin edəcək əməlləri tərk etməməlidir. O cümlədən, nəfsini islah etməkdən tutmuş, İlahi razılığı tələb etməyə qədər. Bəndənin bütün səyi İlahi razılığı əldə etmək üçün olmalıdır. Həm zahirini və həm də batinini ixlaslı itaət ilə nurlandırmalıdır. Daxilində olan rəzil sifətləri tərk edib, fəzilətli sifətlər libasına bürünməlidir.
 
Bütün bu deyilənlər insanı qürb məqamına yaxınlaşdırar. Orada davamlı qalmaq isə insanın özündən asılıdır: ya Allaha itaət etməklə bu müqəddəs yolda sabit qədəm olar, ya da nəfsinə təslim olub qürb məqamından uzaqlaşar.
 
Bu səbəbdən İlahi ürfan yolunun yolçularının səyi - Allah razılığını qazanacaq əməllərə davamlı şəkildə riayət etməkdir. Ancaq qəlb təqvası insanı bu müqəddəs vadiyə yaxınlaşdırar və İlahi lütfün sayəsində qürb məqamına çatar.
 
Ona görə də deyə bilərik ki, suluk yolunun yolçuları məhz ariflərdir ki, ürfan yolunda davamlı qalmaq üçün həm zahirdə və həm də batində səy göstərərlər və bu yoldan azmazlar.



Redaktorun seçimi