“Hərəm” sözünün mənası nədir?
"Hərəm" ərəb dilində "qadağan olunmuş yer" deməkdir. Bu sözün mənalarından biri "arvad, zövcə" deməkdir. Amma çox zaman müqəddəs ziyarətgah məkanlarına hərəm deyirlər. Çünki birincisi, kiminsə bu məkanları öz mülkiyyətinə çevirməsi haramdır. İkincisi, bu yerlərdə müəyyən davranış və ədəb-ərkan qaydalarına riayət etmək, məkanın ehtiraminı qorumaq lazımdır; ədəbsizlik, sayğısızlıq etmək bu yerlərdə haramdır. Dini kitablarda Həzrət Mühəmməd Peyğəmbərin (s) dəfn olunduğu Mədinə məscidini "Mədinə hərəmi", Həzrət Əlinin (ə) Nəcəfdəki məqbərəsini "Əli hərəmi", İmam Hüseynin (ə) Kərbəladakı məzarını "Kərbəla hərəmi" adlandırırlar.
Şəriət termini olaraq, hərəm - Məkkə ətrafındakı müəyyən əraziyə deyilir. Həmin əraziyə yalnız ehram geyinmiş halda daxil olmağa icazə verilir. Hərəm ərazisinə daxil olduqdan sonra bəzi əməllər insana haram olur. Məsələn, hərəmin hüdudları daxilində ov etmək, ağacları sındırmaq, bitkiləri qoparmaq və s. qadağandır. Hərəmin hüdudları barədə şiə və sünni məzhəblərinin görüşləri bir qədər fərqlidir.