BAKININ DUYĞULANDIRDIĞI ƏNVƏR PAŞANIN NƏVƏSİ

Hit: 406
BAKININ DUYĞULANDIRDIĞI ƏNVƏR PAŞANIN NƏVƏSİ

Bakının yad ünsürlərdən təmizlənməsinin 90 - cı il dönümüylə əlaqədar olaraq Ənvər Paşanın nəvəsi Arzu Ənvər Azərbaycana gəlmişdi. O zaman Arzu xanımı bir yerdə tutmaq mümkün deyildi. Bu tədbirdən o tədbirə o tədbirdən bu tədbirə dəvət alırdı. Nöbəti tədbirin biri Türkiyə səfirliyinin binasında keçirildi. Qafqaz İslam Ordusunun (QİO) və Azərbaycanlı könüllülərinin birliyi ilə 1918-ci ildə Bakının işğalçılardan azad edilməsinin 90-cı ildönümünə həsr olunan tədbir olduqca yaddaqalan idi.

 Tədbirdən sonra Arzu Ənvər artıq üçüncü sayı ilə çap olunan “Ənvər Paşa” dərgisinin qonağı olmuşdu. Elə bu müsahibə də o günlərdən yadigardır. Faktor.az müsahibəni təqdim edir:

- Arzu xanım Bakıya ilk gəlişinizdir?   

- Bakıya ilk gəlişimdir, amma ki, ilk və son gəlişim olmayacaqdır. Bura mənim qardaş ölkəmdir. Sizləri tanığım üçün çox sevincliyəm. Özümü evimdəki kimi hiss edirəm.

- Sizcə bu 70 ildə nə üçün arada unudulma kimi bir proses baş verdi Türkiyədə Ənvər Paşa, Nuru Paşa məsələləri sanki gözardı edildi? Bunun özəl bir səbəbi varmı?

- Mən bunu siyasi səbəblərə bağlayıram. Elə olması gərəkdiyinə inanıldı və elə oldu. Amma bilirsiniz ki, elə son iki ildə Ənvər Paşa ilə bağlı azı 20 ədəd kitab çap olundu.

- Ənvər Paşanın soyundan, nəslindən daha kimlər var?

- Mən, tək oğlu Əli Ənvərin qızıyam. Bir də qızı Türkan xanımın oğlu Osman bey var. Ikimizdən başqa kimsə yoxdur.

- Sizin övladlarınız varmı?

- Bir oğlum var.

- Nə işlə məşğuldur?

- Əmlak işləri ilə məşğuldur.

- Adı nədir?

- Burak.

- Niyə onun adını Ənvər qoymadınız?

- (gülür) Çox gözəl sualdır. Bunu mən də düşünmüşdüm. Amma belə qərara gəldim. Hər halda taleyinin bənzəməsini istəmədim. Ona görə başqa ad qoydum. Yeni bir səhifə açılsın istədim.

- Bura gələrkən düşündüklərinizlə, gördükləriniz arasında nə kimi fərqlər var?

- Çox fərqlər var. Çox daha gözəldir. Çox daha həyəcan vericidir.

- Babanız Ənvər Paşa haqqında nə kimi xatirələriniz var?

- Babam Ənvər Paşa atamın doğulduğu ildən bir il keçməmiş şəhid olur. Dolayısıyla, onu çox tez itirirlər. Atamı və bibilərimi yetişdirən Nuru Paşa olur. Amma mən hələ doğulmamış onu da itirdik. Bildiyimiz sadəcə olaraq xoş sözləri, bizə göstərdikləri sevgiləri, həm Ənvər Paşanın, həm Nuru Paşanın ailəsinə olan bağlılığıdır. Xanımlarını, uşaqlarını çox seviblər, qəlbləri həmişə bu sevgi ilə dolu olmuşdur.

- Azərbaycanda Ənvər Paşa dərgisinin çıxmasını nə vaxt bildiniz?

- Bəli, eşitdim bu barədə. Türkiyədə bir yazarınız var. Hakan Albayrak. Onun qəzetdəki yazılarını oxudum. Sonra Mehmet Fatih bəy mənimlə əlaqə yaratdı. Belə bir dərginiz olduğu üçün də çox sevindim. Sizi təbrik edirəm. Davamlı olmasını arzu edirəm.

- Sabah gedirsiniz. Azərbaycandan hansı xatirələrlə ayrılırsınız?

- Burda olduğum üçün çox xoşbəxtəm. Çox inkişaf etmiş, mədəni, gözəl bir ölkəniz var. Qardaş ölkənin bu qədər bacarıqlı, inkişaf etmiş olaraq görmək məni çox duyğulandırdı.

- Son olaraq Nuru Paşanın bir nəvəsi olduğunu dedilər. Bu nə dərəcədə doğrudur?

- Doğru deyil. Nuru Paşanın heç övladı yoxdur ki, nəvəsi də olsun.

2008

Xanəmir Telmanoğlu

Raqif Raufoğlu

 

 









Redaktorun seçimi