Wi-Fi 7 standartının xüsusiyyət və sürət imkanları açıqlandı

Smartfon və noutbuk istehsalçıları ötən ilin oktyabr ayında nümayiş olunan Wi-Fi 6 simsiz şəbəkə standartının tətbiqinə yenicə başlayıblar. Buna baxmayaraq, Qualcomm şirkəti artıq standartın yeddinci nəsli üzərində aktiv iş aparır.
Wi-Fi Alliance təşkilatı 2018-ci ilin sonunda 802.11ax (Wi-Fi 6) tipli konstruksiyalardan istifadədən imtina edərək, onları daha anlaşıqlı tək rəqəmlərlə əvəzləmək qərarına gəlib. Wi-Fi 6-dan yüksək sıxlığa malik şəbəkələrdə daha yaxşı işləmə ilə yanaşı, bu standartın maksimum məlumat ötürmə sürəti 11 Gbit/saniyə təşkil edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, 802.11be standartına malik olacaq Wi-Fi 7 şəbəkəsinin pik sürəti 30 Gbit/saniyəyə çatacaq. Yeni texnologiya 2024-cü ildə kütləvi tətbiq üçün hazır olacaq.
Hazırda Wi-Fi 7 şəbəkəsinin məlum olan əsas üstünlükləri kimi tezlik diapazonunun mövcud 2,4 və 5 giqahersdən 6 giqahersədək genişləndirilməsi, CMU-MIMO texnologiyası ilə eyni anda qoşulan qurğuların sayının çoxaldılması, maksimal buraxılış qabiliyyətinin 30 Gbit/saniyəyədək artırılması, amplitud modulyasiyasının 1024-dən (Wi-Fi 6-da) 4096-dək artırılması qeyd olunur ki, bu da radiosiqnalı daha informativ etməyə imkan verəcək.
Wi-Fi 7 standartının təbiqi üçün illər tələb olunsa da, mütəxəssislərin əsas ehtiyat etdiyi məsələ elektronika istehsalçılarının yeni standartla ayaqlaşa bilməməsidir. Çünki Wi-Fi 7 marşrutlayıcılarının mövcudluğu yeni standartın üstünlüklərini əldə etmək üçün əsas şərt olmayacaq. İstifadəçilərin Wi-Fi 7 ilə uyğunluq təşkil edən qurğularda çatışmazlıqla üzləşməməsi böyük əhəmiyyət kəsb edir.


