Əzadarlığın ən mühüm ədəb qaydası

23 dəfə oxunub
Əzadarlığın ən mühüm ədəb qaydası

Məhərrəm ayının gəlişi ilə insanların qəlbi hərəkətə gələr. İnsanlar qəmlənər, göz yaşı tökər, İmamın (ə) məktəbini davam etdirmək üçün səy göstərər.

Bəziləri Aşura hadisəsini Qiyamət gününə bənzədirlər. İslam dini hər bir əməl üçün ədəb qaydaları müəyyən etmişdir. Əlbəttə ki, əzadarlığın da ədəb qaydaları vardır. Bu qaydalar çoxdur, onların içindən ancaq biri haqqında danışacağıq ki, daha önəmli və diqqətə layiqdir.

Bu qaydalardan biri - əza nemətinə görə Allaha şükür etməkdir. Bir qədər qəribə görünsə də, bu nemətə görə şükür tövfiqinə malik olmaq hər kəsə verilməmişdir.

Aşura ziyarətində də bu nöqtəyə işarə edilmişdir. Burada deyilir:

"Allahım! Həmd ancaq sənə layiqdir. Həm də o kəslərin şükrü ki, belə bir müsibəti görəndən sonra Allaha xüsusi halda sitayiş edərlər".

Bu ayda əza saxlamaq bir tövfiqdir. İnsan ona verilən bu tövfiqə görə Allaha çoxlu şükür etməlidir. Şükür etməlidir ki, bu cür müsibətlə bağlı Əhli-Beytin (ə) dərdinə şərik olmaq şərəfinə layiq olmuşdur. Bu hadisə onun üçün əvəzdilməz bir dərsdir. Xanım Zeynəb (s.ə) kimi bu hadisədə gözəllikdən başqa bir şey görməz. İzzətli ölümün zəlil yaşamaqdan üstün olmasına bir daha şahid olar. Bilər ki, Kərbəla müsibəti kimi müsibət tarixdə olmamış və olmayacaqdır da.

Bu müsibət zamanı baş verənlərin həyat dərsi olduğunu dərk edər. Allaha şükür edər ki, onu bu faciə ilə tanış etmiş və İmam Hüseynin (ə) atəşini qəlbinə salmışdır.

 

Bu səbəbdən deyə bilərik ki, Əhli-Beytin (ə) başına gələn müsibətlər - əslində İlahi nemətdir. Çünki, şəri xeyrə çevirmək, mərdlik, şücaət, şəfqət, fədakarlıq var bu məktəbdə.

Bu səbəbdən həqiqi bəndələr Allaha şükür edərlər ki, belə bir müsibətə şahid olublar. Allah yolunda canını fəda etmək, şəhadət məktəbi, namaza önəm vermək və onu vaxtında qılmaq, insanları əmr-be-məruf və nəhy-əz-munkər etmək, düşmənə boyun əyməmək... bütün bunlar müsibəti xeyirə çevirən amillərdir. Bu halət insanda müsibətə qarşı mətanət yaradır və onu ruhi cəhətdən qüvvətləndirir. Bilir ki, tək müsibət görən o, deyildir. Əslində ondan da ağır müsibət görənlər vardır.

Bu, mahiyyət etibarilə Əhli-Beyt (ə) məktəbindən öyrəndiyimiz həqiqi tövhid dərsidir...



Redaktorun seçimi