Bəziləri İmam Hüseynin başına gəlmiş müsibətlərdə Hürrü günahlandırır...

51 dəfə oxunub
Bəziləri İmam Hüseynin başına gəlmiş müsibətlərdə Hürrü günahlandırır...
Bəzi şəxslər İmam Hüseynin (ə) başına gəlmiş müsibətlərdə Hürrü günahlandırır və ona mənfi yanaşırlar. Bu münasibət düzgündürmü?
 
Həqiqətən, İbn Ziyadın göndərdiyi silahlı dəstələrdən birinin sərkərdəsi olan Hürr ibn Yezid Riyahi Təmimi öz əsgərləri ilə birlikdə İmam Hüseynin (ə) tərəfdarlarını mühasirəyə almış, onların geriyə yolunu bağlamışdı. Bu mənada Hürr əvvəlcə Yezidin cəbhəsində yer tutmuş və böyük günah qazanmışdı. Lakin aşura günündə Hürr öz günahını qanı ilə yuya bildi. O, qarşıdurmanın qan-qadasız həll olacağına inam bəsləyirdi, amma döyüşün qaçılmaz olduğunu gördükdə, Peyğəmbər nəvəsinin əleyhinə döyüşməkdən imtina etdi. Hürr aşura günündə İbn Ziyadın qoşunundan ayrılıb İmam Hüseynin (ə) tərəfinə keçdi və o həzrətdən icazə alaraq döyüş meydanına çıxdı.
 
Milli.Az islam.az-a istinadən bildirir ki, Hürr şücaətlə savaşaraq öz keçmiş tərəfdarlarından xeyli döyüşçünü öldürdü, axırda şəhadətə çatdı. İmam Hüseyn (ə) Hürrün nəşinin yanına gələrək, onun başını dizi üstünə aldı və belə buyurdu: "Anan sənə Hürr (azad) adı qoydu. Sən dünyada və axirətdə azadsan". İmam Hürrün üzünü toz-torpaqdan təmizləyib, öz dəsmalı ilə yaralı başını bağladı.
 
Hürrün məzarı qalan şəhidlərin məqbərəsindən uzaqda yerləşir. Şah İsmayıl Xətainin hakimiyyəti dövründə Hürrün qəbri açılmış və bədəninin qətiyyən çürümədən salamat qaldığı aşkar olmuşdu. Bütün bunlar göstərir ki, Hürr öz günahını yumağa nail olmuşdur.



Redaktorun seçimi