"İmam Əli də şərab içib. Allahın Rəsulu isə şərab içən səhabəsinə dil uzadan digər səhabəsini qınayıb" - Azərbaycanlı dinşünas

42 dəfə oxunub
"İmam Əli də şərab içib. Allahın Rəsulu isə şərab içən səhabəsinə dil uzadan digər səhabəsini qınayıb" - Azərbaycanlı dinşünas

İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq ixtisası üzrə dosent, Azərbaycan Milli Elmlər Akademiyasının böyük işçisi Əkrəm Həsənov "Facebook" sosial şəbəkəsində Peyğəmbər (s) və Həzrət Əli (ə) haqqında suallara səbəb olacaq mövqe bildirib. O iddia edib ki, imam Əli (ə) də şərab içib. Allahın Rəsulu isə şərab içən səhabəsinə dil uzadan digər səhabəsini qınayıb. Məsələyə bir qədər aydınlıq gətirmək üçün Ə.Həsənovla telefon əlaqəsi yaratdıq.

Söhbəti olduğu kimi oxuculara təqdim edirik.

- İddia edirsiniz ki, Həzrət Əli (ə) şərab içib. Bu sözlərinizin bir mənbəyi varmı?
- Bəli, mənbələrdə o keçib. Onu araşdırmaq lazımdır, baxmaq lazımdır.
- Mənbəni deyə bilərsinizmi?
- Var da, araşdılrın baxın.
- Ümumi alimlər tərəfindən qəbul edilən budur ki, Həzrət Əli (ə) heç vaxt şərab işməyib. Siz əksini iddia edirsinizsə, yəqin mənbəni də Siz təqdim etməlisiniz...
- Yox. Mübahisə eləməyə vaxtım yoxdur.
- Mən mübahisə etmək üşün zəng vurmamışam. Axı heç mübahisə də etmirəm. Sadəcə mənbəyi öyrənmək istəyirəm...
- O, var... o, olub, gizlədilib, mənbələrdən yığışdırılıb. Bəzi alimlər deyiblər ki, elə şeylər yoxdur, bəzi alimlər də deyiblər ki, elə şeylər var. Bütün mənbələrdə var. Bunu heç kim də inkar edə bilməz. Birinci mənbə Qurani-Kərimdir.  Quranda şərabla bağlı 3 ayə var. Birinci ayədə buyurulur ki, belə vəziyyətdə namaza yaxınlaşmayın. Sonra digər ayədə də var... Orada necə deyilir? Eeeee, deməli... Necə idi?
- Yəqin ki, ziyanının faydasında daha çox olması barədə ayəni nəzərdə tutursunuz...
- Son ayə də o biriləri nəsx edir. Bu barədə də mənbələr var, araşdırın, baxın. Şərab haram edilməmişdən əvvəl o dövrdə səhabələr, yaşayanlar içiblər. Nəhayət, son ayə ki, nazil oldu və şərab haram edildi, heç kim içmədi. O cümlədən Əhli-beyt də tövbə etdi və bir daha heç vaxt içmədi.
- Amma zənnimizcə o zaman Həzrət Əli (ə) uşaq olub...
- O, 5 yaşından Peyğəmbərin (s) yanında olub, böyüyüb, şərab ayəsi nazil olanda da... Belə deyək... Yəni o məsələ olub, amma gizlədilir. Onu mənim yazmağım da düzgün deyil, yazmamalıydım, Allah bağışlasın məni. Amma həm səhabələrin, həm Əhli-beytdən olanların şərab ayəsi nazil olmamış içməyi barədə faktlar var.
- Yenə də mənbəyi göstərmənizi rica edirəm...
- Ən böyük mənbəyimiz Qurandır, elə deyilmi? İçki də son ayə ilə haram edildi. Ona qədər içilsə belə, qəbahət və günah deyil. Buna görə də bunun üstünə düşmək, mənə zəng vurmaq əhəmiyyətsiz bir şeydir. Şəxsiyyətə pərəstiş söhbətləridir bunlar. Boş verin. Mənbəyi bilmirsiniz, neyləyək? Sizə indi şəriət öyrədək? Mənə niyə zəng vurursunuz?
- Çünki ilahiyyatçısınız. Biz avtomobil ustasına zəng vurub ayə, mənbə soruşmuruq axı...
- Mən də dedim var da!
- Harada var?
- Quran ayəsi deyirəm sənə, yenə mənbə soruşursan!
- Ayədə yazılıb ki, Həzrət Əli (ə) şərab içib?
- Yox. Ümumiyyətlə, Allah insanların günahlarını gizlətməyi tövsiyə edir...
- Ona görə elə status paylaşmısınız?
- Yazmışam yazmışam da, niyə fikir verirsiniz ki? Bir səhvdir də, eləmişəm, nə olub ki?  Hamının günahı var da. Həzrət Əli də insan olub da, o da günah eləyib. Peyğəmbərin belə xətaları olub, o da insandır.
- Bizim məqsədimiz sadəcə iddialarınıza dair mənbə göstərməyiniz idi...
- Ehtiyac yoxdur ona. Kiminsə eybini açım, özü də Əhli-beytdən olan səhabənin...
- Amma Siz axı əksini etmisiniz!
- Onu alimlər məsləhət bilsəydilər, edərdilər. Sənə ehtiyac yoxdur belə şeyləri qurdalamağa. Yazmışam, özüm bilərəm. Mənim şəxsi səhifəmdir.
- Amma Siz bunu sosial şəbəkədə paylaşmısınız...
- (Telefonu qapadır).
Göründüyü kimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq istisası üzrə dosent, Azərbaycan Milli Elmlər Akademiyasının böyük işçisi iddialarına dair mənbə göstərməkdə acizlik nümayiş etdirdi. Eyni zamanda təzadlı fikirlər də səsləndirdi. Allahın eyibləri örtməsi barədə danışmağı isə atdığı addımla heç uyuşmadı. Hər halda, ona ünvanlamaq istədiyimiz digər suallar da var idi. Məsələn, "İçki sadəcə tibbi və elmi baxımdan insanı özünə gətirən nemət olmasına baxmayaraq sonuncu ayə ilə haram hesab edildi". Razılaşaq ki, sual deyil, suallar meydana gəlir. Əgər bu içki "sadəcə tibbi və elmi baxımdan insanı özünə gətirən nemət" idisə, o zaman Allah bunu haram etməklə qullarına zülmmü edib? Və bir ilahiyyatçının içkini "nemət" kimi dəyərləndirməsini necə anlamalıyıq? Yəqin ki, FB-dəki növbəti açıqlamalarında Əkrəm Həsənov bu qaranlıq məqamlara aydınlıq gətirər...



Redaktorun seçimi