Əhli-Beyti sevdiyi üçün şəhid edilənlər

Hit: 314
Əhli-Beyti sevdiyi üçün şəhid edilənlər

Əməvilər zamanında qətlə yetirilmiş Əhli-beyt tərəfdarlarının sayını təyin etmək çətindir. İstər xilafət mərkəzi olan Şamda, istərsə də sair şəhərlərdə (xüsusən, Kufədə və Bəsrədə) öldürülmüş insanlar o zamankı İslam cəmiyyətinin ən üstün təbəqəsini təşkil edirdilər.

Hələ Həzrət Əlinin (ə) sağlığında, Siffeyn savaşından və həkəmeyn hadisəsindən sonra Müaviyənin silahlı dəstələri tez-tez Əlinin (ə) nəzarəti altında olan torpaqlara soxulur, orada vəhşicəsinə qətlü-qarət törədirdilər. Bu qırğınlarda minlərlə Əhli-beyt tərəfdarı - həm dinc əhali, həm də onları qoruyan əsgərlər həlak olurdular. Müaviyənin sərkərdələri Büsr ibn Ərtah, Nöman ibn Bəşir, Zöhhak ibn Qeys, Süfyan ibn Övf və başqaları öz əllərini minlərlə günahsız insanın qanına boyamışlar. Bu qətlü-qarətlər İbrahim ibn Mühəmməd Səqəfinin "əl-Ğarat" kitabında ətraflı təsvir olunub.

Müaviyə başa düşürdü ki, əgər apardığı təbliğatın uğur qazanmasını istəyirsə, gərək bu təbliğata mane olan qüvvələri tezliklə aradan götürsün. Çünki bütün varlığı ilə Əhli-beytə bağlı olan, nə hədələrdən qorxan, nə də vədlərə aldanan bu insanlar daim xalqın içində olmaqla həqiqəti müsəlmanların arasında yayır, camaatın gözünü açırdılar. Bu şəxsiyyətlərin bir qismi Həzrət Əlinin (ə), bir qismi də o həzrətin şəhadətindən sonra oğlu İmam Həsənin (ə) ətrafında birləşmişdilər. Əli-beytin dayaqlandığı, etibar etdiyi və yardımından faydalandığı qüvvələrin özəyini və nüvəsini bu adamlar təşkil edirdilər. Onları aradan götürmək Əhli-beyti köməksiz qoymaq və himayədən məhrum etmək demək idi.

Əməvi hökumətinin Əhli-beyt tərəfdarlarına qarşı törətdiyi soyqırımı siyasətinin qurbanları sırasında o zamankı müsəlman cəmiyyətinin iman, əxlaq və nüfuz sarıdan ən üstün təbəqəsini təşkil edən aşağıdakı şəxsiyyətlərin adını çəkə bilərik: İslam tarixində kəsik başı şəhərdən-şəhərə gəzdirilən ilk şəhid - Əmr ibn Həmiq Xüzai, İmam Hüseynin (ə) şəhadətindən bir neçə gün əvvəl Kufədə dara çəkilən, dar ağacında Əhli-beyti mədh etdiyi üçün ağzına yüyən vurulan Meysəmi-təmmar, Übeydullah ibn Ziyadın əmri ilə əl-qolu doğranan, buna baxmayaraq, Əhli-beytin fəzilətləri barədə camaata hədis söyləyən, axırda dili də kəsilən və bədəni çarmıxa çəkilən Rüşeyd Həcəri və başqaları...

Müaviyənin zülm və hiylə siyasətinin qurbanı olmuş tarixi simalardan ikisi xüsusilə məşhurdur. Bunlar Malik Əştər və Mühəmməd ibn Əbu Bəkr idi. Malik Əştər İmam Əli (ə) tərəfindən Misir valisi təyin edildikdən sonra ö vəzifəsini yerinə yetirmək üçün Misrə gələrkən yolda Müaviyənin əlaltısı tərəfindən zəhərlədilib şəhid oldu. Malikin şəhadətindən sonra Müaviyə Şam camaatı qarşısında xütbə söyləyərək demişdi: "Əli ibn Əbu Talibin iki əli vardı. Onların birini (yəni Əmmar ibn Yasiri) Siffeyn savaşında kəsmişdim, o birini (yəni Malik Əştəri) isə bu gün kəsdim" (Təbəri tarixi, V, 96).

 

Mühəmməd ibn Əbu Bəkrə gəlincə, o, birinci xəlifənin oğlu idi. Həzrət Əlinin (ə) qardaşı Cəfəri-təyyar şəhid olduqdan sonra onun dul arvadı Əsma bint Ümeys Əbu Bəkrə ərə getmişdi. Mühəmməd də Ümeysin Əbu Bəkrdən olan oğlu idi. Əbu Bəkr vəfat etdikdən sonra dul qalmış Əsma bir daha - bu dəfə İmam Əliyə (ə) ərə getdi. Mühəmməd də həmin gündən etibarən Həzrət Əlinin (ə) evində və onun tərbiyəsi altında böyüdü. Ona görə də, Mühəmməd ibn Əbu Bəkr Həzrət Əli ibn Əbu Talibin (ə) ən sadiq silahdaşlarından idi. O, Malik Əştərdən əvvəl Həzrət Əli (ə) tərəfindən Misrə vali təyin edilmişdi. Lakin Müaviyənin göndərdiyi və Əmr ibn Asın başçılıq etdiyi qoşun Misirdəki müxalifət qüvvəsi ilə birləşib, Mühəmmədin tərəfdarlarını məğlub etdi. Mühəmməd düşmənləri tərəfindən ələ keçirilib vəhşicəsinə qətlə yetirildi. Düşmənləri ona o qədər kin-küdurət bəsləyirdilər ki, cəsədini bir uzunqulaq dərisinin içinə qoydular, sonra od vurub yandırdılar (Təbəri tarixi, V, 103-105, Bəlazuri. Ənsab əl-əşraf, V, 170-172; Səqəfi. Əl-Ğarat, səh. 129).









Redaktorun seçimi