Daxili istək motivasiyasının aqibətə təsiri

95 dəfə oxunub
Daxili istək motivasiyasının aqibətə təsiri

Bismilləhir-Rahmənir-Rahim!

İnsan həyatında önəmli olan mövzulardan bir də insanın öz istəklərini, seçimlərini nəyin əsasında müəyyən etməsidir. Qlobal mənada insanın iki seçimi var: ya öz bildiyi, istədiyi kimi yaşamaq, ya da onu Yaradanın - Allahın onun üçün uyğun gördüyü meyarlar üzərində seçimlər etmək.

Əməllərin insan təkamülünə təsiri fərqlidir

Bəzən bir əməli insana etmək vacib olur, şəri cəhətdən onu etmək insan üçün zəruri olur. Bəzən bir əməli etmək müstəhəb olur. Bəzən bir əməli etmək mübahdır - nə vacibdir, nə müstəhəbdir.

Bəzən vacib olan əməllərin içərisində görürük ki, bəzilərinin dərəcələri fərqlidir, onlara xüsusi olaraq təkid var. Bəzən bir mübah əməl olur, adi vaxtda xüsusi bir vurğusu yoxdur, amma bir şərait qarşıya gəlir ki, həmin şəraitdə ona əlahiddə vurğu olur, xüsusi əhəmiyyəti meydana gəlir.

Dəyər yükü olmayan, mənfi əməllər də o cürdür. Bəzən bunları ona görə etməmək lazımdır ki, Allah onları haram buyurur. Bəzən bu əməllərin kərahəti, xoşagəlməzliyi olur - haram deyil, amma edilməməsi bəyənilir.

Bəzən olur ki, əməlin haramlığının şiddəti fövqəl dərəcədə olur. Bəzən isə bir əməl öz-özlüyündə mübah bir əməldir, amma mənfi bir iş üçün müqəddimə rolunu oynayır və buna görə ondan çəkinmək lazımdır.

Ona görə də, bu əməlləri etmənin və ya çəkinmənin niyyətinə görə, şəraitinə görə, vəziyyətinə görə yükü fərq edir və insanın təkamülünə təsiri də fərqli-fərqli olur.

Seçimlərinə görə fərqlənən iki qrup insan

Həm Peyğəmbərimizdən (s), həm Həzrət Əlidən (ə), həm Həzrət İmam Baqirdən (ə) buyurulan bu xüsusda bir buyuruş var. Meracda baş vermiş bir hadisədir ki, Allah Təala iki qrupu müqayisə edir.

Bu buyuruşda Allah Təala iki qrupu biri-biri ilə müqayisə edir. Bir qrup Allahın istəyini öz istəyindən üstün tutanlardır - Allahın bunlarla bağlı sözləri var.

İkinci qrup öz istəyini Allahın istəyindən üstün tutanlardır - Uca Allahın bunlarla da bağlı sözləri var.

Mənim ürəyim bir şeyi istəyir, amma baxıram ki, bu mövzuda Allahın istəyi bu deyil, başqadır. Mən gərək öz istəyimi kənara qoyum, Allahın istəyinə uyğun davranım. Bu hal çətindir, ağırdır, bəzən böyük iradə tələb edir, amma Allahın istəyi başqa olduğu üçün bəndə gərək öz istəyindən keçsin. Bu, birinci haldır.

İkinci tip insan budur ki, bilir ki, Allahın istəyi nədir və öz istəyi də var, amma öz istəyinin dalınca gedir, şüurlu, dərkli surətdə öz istədiyinin arxasınca hərəkət edir. Təəssüf ki, heç bir kəs belə bir halı yaşamaqdan sığortalanmayıb.

Heç kəs gərək deməsin ki, mən belə etmərəm, zira günahların çoxu elə məhz bu halla baş verir.

Hər kim Allahın istəyini öz istəyindən üstün tutsa...

Birinci qrupla bağlı buyuruşda gəlir: "Mənim bəndəm bəzən bu cür olur ki, Mənim istəyimi, öz istəyindən üstün tutur. Bu halda onun üçün bu işləri görərəm:

1. Onun mühafizəsi üçün mələklər ayıraram.

2. Allah Təala göyləri və yeri onun ruzisini təmin etmək üçün kəfil, zamin qərar verər ki, harda olsa, onun ruzisi asanlıqla çatar.

3. Allah dünyanı onun ixtiyarına buraxar".

Elə ki, insan Allahın iradəsini öz iradəsindən üstün bilir, Allahın istəyini özünə rəhbər tutur, öz istəyini kənara qoyur, Allahın istəyi əsasında davranır - Allah Təala əvvəla mələklərinə əmr edir ki, onun mühafizəsini təmin etsinlər. Mələklər onu qorumağa başlayır. Göylər və yer zamin qərar verilər ki, bu insanın ruzisi təmin olunsun. Daha sonra Allah bütün dünyanı onun ixtiyarında qoyar.

Bir var ki, insan öz dünyasının dalınca qaçır, yaxınlaşdıqca dünya da ondan qaçır. Bir də var ki, Allah Təala dünyanı bu cür bəndəsinin ixtiyarına buraxar. Əgər bir insan Allahın istəyini öz istəyindən üstün tutsa, həyatında çox ciddi hadisələr baş verər. Həmin insanın həyatı dəyişər, həyatı İlahi rəngə bürünər.

Hər kim öz istəyini Allahın istəyindən üstün tutsa...

Bir də ikinci qrup insan var ki, öz istəyini Allahın istəyindən üstün tutar. Deyərsən ki, "axı Allah bunu götürməz, Allah bu işi bəyənmir" - amma onun vecinə olmur, onun üçün öz həvayi-nəfsinin istəyi daha önəmlidir. Allahdan istəyimiz budur ki, bizləri bu ikinci qrupdan qərar verməsin!

Bu halda nə baş verir? Allah Təala buyurur: "Onun həyatından, işindən, gücündən, yaşayışından nəzm və sahmanı götürərik. Dünya işlərində xeyiri və zərəri nədə olduğunu müəyyən edə bilməz. O qədər dünya ilə məşğul edərik ki, ümumiyyətlə axirət yadından çıxar. Sonda da onun üçün təyin etdiyimizdən başqa bir şeyə çatmaz".

Bu cür insanın həyatında nəzm, sahman, hüzur olmaz, həyatı dağınıq, nizamsız bir hala gəlib çatar. Nə edərsə, ələ gətirə bilməz. İnsan üçün ən ağır cəza budur ki, özünü ağıllı sayar, özünü hər şeyi bilən sayar, guya hər şeydən başı çıxar, amma konkret özü üçün nəyin xeyir, nəyin zərər olduğunu müəyyən edə bilməz, hər şey onun üçün qarışıq, tərəddüdlü, şübhəli gələr, xeyir və zərərin nədə olduğunda müəyyənləşə bilməz.

Əgər insan xeyir və zərərin nədə olduğunu müəyyən edə bilməsə, faciəvi duruma gəlib çatar. Əgər biz həvayi-nəfsimizi Allahın istəyindən üstün tutsaq, həyatımızın nizami, səliqə-sahmanı, hüzuru aradan gedər, həyatımızda nəyin xeyrimizə, nəyin zərərimizə olduğunu müəyyənləşdirə bilmərik. Bir döngəyə qədər gedirik, gəlib dalana dirənirik, qalırıq ki, sonra nə edək. Sonra elə zənn edirik ki, yolu tapdıq - gedirik, yenidən dalana dirənirik və bu hal sonsuza qədər davam edir.

Qlobal olaraq bəşəriyyət bu vəziyyətdədir. Bəşəriyyət bu gün bir duruma gəlib çatıb ki, xeyir və zərərinin nədə olduğunu müəyyən edə bilmir. Bir insan fərd olaraq öz həvayi-nəfsini Allahın istəyindən üstün tutsa, nəticə etibarilə xeyir və zərərinin nədə olduğunu müəyyən edə bilməz. Növbəti budur ki, o qədər dünya ilə məşğul edilər ki, Allah, axirət onun yadından çıxar. Bu hal yaşandıqdan sonra onun üçün təyin ediləndən başqa bir şeyə çata bilməz.

 

İki fərqli vəziyyətdir. Allahın bəndəsi Rəbbinin istəyini öz istəyindən üstün tutanda, Allah Təala onu qorumaq üçün mələklər təyin edir. Bu insanın həyatında bərəkət əmələ gəlir, dünya özü onun ixtiyarına gəlir. Allah onun ruzisini təmin etməyi göyə və yerə tapşırır. Amma həvayi-nəfsinin istəyini Allahın istəyindən üstün tutan insan isə nə bu dünya üçün bir xeyirə çata bilir, nə də axirət üçün. Həvayi-nəfs insan üçün bu qədər təhlükəlidir. Həvayi-nəfs insanı imanlı halından çıxardır.

Nə edək ki, istəklərimizi Allahın istəklərinə uyğunlaşdıraq?

Nə etməliyik ki, bizlər Allahın istəyini öz istəyimizdən üstün tuta bilək? Birincisi, mənəvi təhrikləri, bizlərə mənəvi təsir edə biləcək mövzuları artırmalıyıq. Biz fərqində olmalıyıq ki, bundan sonra bəşər onsuz da, elə bir yerə gedir ki, hər şey onun başını qatmağa, yaranan zamanını lazımsız yerlərə sərf etməsinə hesablanıb. Biz diqqətli olmalıyıq ki, zamanımızı düzgün nizamlaya bilək və seçimlər qarşısında qaldıqda Allahın istəyinə uyğun seçimlər edə bilək.

Allah hər şeyi bu bəndəsinin mütisi edər

Həzrət İmam Həsən (ə) buyurur: "Hər kim Allaha itaət və ibadət edər, Allah Təala hər şeyi onun mütisi qərar verər". Bizlər bir ay deyil ki, İlahi ziyafətdən çıxmışıq. İlahi ziyafətin hədəfi bu idi ki, bizim bütün varlığımız Uca Allahın itaətində olsun. Belə olan halda Allah hər bir şeyi insanın tabeçiliyində qoyar. Bütün hər bir şey onun mütisi olar.

Biz varlığımızı Allahın ibadət və itaətində qərar versək, Allah Təala varlıq aləmində hər şeyi bizim xidmətimizə gətirər. İnsan nə qədər dünya dalınca getsə - dünya ondan qaçar, insan nə qədər doymaq istəsə - doymaz, özünü nə qədər dünyada ödəmək istəsə - ödənməz. Amma insan bu duruma gəlsə ki, bu dünyadan Allahın istəyi necədirsə o cür istifadə etsin - onda yer üzündə nə varsa, hamısı insanın xidmətində durmaq istəyər.

Allaha məhəbbətimiz özünü nədə göstərməlidir?

Digər bir yerdə İmam Həsən (ə) buyurur: "Hər kim Allahı tanısa - danışığında, əməlində, davranışında məhəbbətini izhar edər. Hər kim dünyanı tanısa - ona bağlanmaz". Yəni, belə deyil ki, biz deyək seçimlərimizdə Allahın istədiyini seçək və bununla kifayətlənək. Gərək əməlimizdə, davranışımızda bunun görsəntisi olsun.

Misal üçün, bir insan bir kənddəndir, dəxli oldu-olmadı həmin kənddən olduğunu bildirir, büruzə verdirir. Həmin kəndə məhəbbəti olduğunu üçün, yeri gəldi-gəlmədi o kənddən olduğunu bəyan etməyə can atır. İndi bir insan əgər Allahı tanısa, Allahı sevsə, bütün davranışlarında, seçimlərində, əməllərində Allaha məhəbbətini izhar edər. Həmin insan fürsət axtarar ki, Allaha olan sevgisini nümayiş etdirsin, Allahın bəyəndiyi bir işi görsün, öz istədiyi ilə Allahın istədiyi arasında seçim qarşısında qalanda Allahın istədiyini seçsin.

Əgər biz dünyanı tanısaq, bilərik ki, dünyaya bağlanan heç kəs uğura çatmayıb. Bir gün həmı buranı tərk edəcək, əldən verəcək, bir gün gələn, bir gün gedəcək. Ona görə də, hər kim Allahı tanısa - Allaha məhəbbətini izhar edər, hər kim dünyanı tanısa, çalışar ki, dünya ilə münasibətini tənzimləsin, dünyaya bağlanmasın.

Seçim edəndə...

Təbərrük üçün insanın seçimi ilə bağlı bəzi hədislərə diqqət edək.

Həzrət Rəsulullahdan (s) nəql edilir: "(Möminin) hərəkətləri lətif və yumşaq, məhzəri, hüzuru - şirindir. İşlər içində ən üstününü seçər. Əxlaqlardan ən alisinin dalınca gedər.

Onunla düşmən olana zülm etməz. Ona sevgisi olan şəxsə görə günah etməz.

Yaşayış xərci az, insanlara xidməti çox olar.

İşini gözəl yerinə yetirər, sanki onun üzərində nəzarətçi vardır. Harama göz yetirməz. Əliaçıqlıq və səxavət sahibidir, istəyəni əliboş buraxmaz.

Sözünü ölçülmüş deyər. Dili batil demək üçün lal olar.

Batil bir şeyi dostundan (belə) qəbul etməz. Haqqı düşmənin əleyhinə (belə) döndərməz. Bilgili olmaqdan başqa digər səbəb üçün (nəyisə) öyrənməz. Və əməl etməkdən kənar bir iş üçün bilgili olmaz.

Əgər dünya əhli ilə olsa, onların ən zirəkidir. Əgər axirət əhli ilə yolçu olsa, onların ən təqvalısıdır".

İmam Baqir (ə) və ya İmam Sadiq (ə) buyurur: "Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı, haqq ilə batil bir-birindən seçilməzdi".

İmam Sadiq (ə) buyurur: "Allah batili haqq kimi tanıtmaz. Allah haqqı, möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili, haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi".

Həzrət Əli (ə) buyurur: "Əgər gələcəkdə "Ey kaş!" sözünü işlətmək istəmirsənsə, onda 3 seçimdə diqqətli ol: həyat yoldaşı, iş və dost".

Allahım, bizlərə seçimlərimizi Sənin istəyinə uyğun etməyi nəsib et!

Allahım, Sənin razılığına tərəf hərəkət etməyi, Sənin narazı olduqlarından çəkinməyi bizlərə nəsib et!

Allahın, Sənə məhəbbəti əməl və davranışlarımızda nümayiş etdirməni nəsib et! Amin!



Redaktorun seçimi