Alman olduğunu 77 ildən sonra sübut edən “rus” qadın - Bakıda maraqlı olay

Hit: 297
Alman olduğunu 77 ildən sonra sübut edən “rus” qadın - Bakıda maraqlı olay
O, 78 il əvvəl Bakıda – müharibənin başlaması ərəfəsində anadan olub. Faşist Almaniyasının qoşunları 1941-ci il iyunun 22-də, bazar günü müharibə elan etmədən Sovet İttifaqının qərb sərhədlərinə qəflətən hücum edərək, sovet şəhərlərinə və hərbi birləşmələrinə hava zərbələri endirdi. Beləcə, İkinci Dünya müharibəsi başladı.
 
Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a bakılı alman qadının hekayəsini danışıb.
 
Həmin qadın 77 il rus hesab edilib və məhkəmə instansiyalarına çoxsaylı şikayətlər edilməsinə baxmayaraq, öz milliyyətinin tanınmasına nail ola bilməyib. Nəhayət, Lidiya Pavlovna Qabel 78 yaşının astanasında milliyyətcə alman kimi tanınıb...

1941-ci il iyunun 22-dək Qabel ailəsində qız uşağı anadan olur. Valideynlər ona Lidiya adını veriblər. Ayın 22-də müharibə başlayır və bu vəziyyətdə yeni doğulmuş körpənin VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) alman qismində qeydiyyata alınması uşağın həyatı üçün təhlükə törədirdi.

Üstəlik, uşağın 1916-cı il təvəllüdlü atası Pavelin milliyyəti pasportda rus kimi göstərilmişdi. Buna görə də Lidiya Pavlovna Qabel rus milləti qismində qeydiyyatdan keçirilir.

“Qeyd edilməlidir ki, həmin illər belə bir təcrübə olub: əgər kimisə pravoslav kilsəsində xaç suyuna salırlarsa, onu milli mənsubiyyətindən asılı olmayaraq, rus hesab edirdilər. Məsələ burasındadır ki, sovet dövründə hər yerdə ruslaşdırma siyasəti aparılırdı. Xristianlaşdırma, ruslaşdırma idarəetmə siyasətində üstünlük təşkil edirdi. Pravoslav olmayanlar müəyyən hüquq və imtiyazlardan məhrum idilər. Almanlar mədəniyyətlərini qorumaq və bununla yanaşı, karyera qurmaq üçün bu addımı atırdılar –atanın milliyyəti rus kimi yazılırdı, lakin ailədə alman ruhu hökm sürürdü. Lidiya Qabelin ailəsində də belə olub”, - hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, Qabel tipik alman soyadıdır, tərcümədə “çəngəl” deməkdir. Soyadın mənsubiyyətini təsdiq edən arxiv məlumatları mövcuddur. Belə ki, XVIII əsrdə alman kəndlilər II Yekaterinanın dəvəti ilə Volqaboyundakı boş torpaqlarda və sonradan şimali Qara dəniz regionunda məskən salıblar. Kolonistlərin əsas kütləsi 1767-ci ildə Volqaya gəliblər. Onlar kifayət qədər əkin yerləri və əla otlaqlarla təmin olunublar.

Rusiyada Qabel soyadının banisi Nikolaus Qabeldir (1740-cı il). O, 1767-ci ildə həyat yoldaşı Katarina-Marqareta ilə birlikdə Maynsdan gəlib. Onlar Volqaboyunda Obermonju alman koloniyasında yerləşiblər. Yakob Filipp Qabel (Obermonjuda Qabelin beşinci nəsli) 1852-ci il təvəllüdlüdür. Onun həyat yoldaşı Mariya Anna Boosdan yeddi uşağı olub. Lidiya anadan olduğu vaxt Bakıda artıq Qabelin iki nəsli yaşayıb. Böyük ehtimalla, Lidiya Qabelin Nikolaus Qabellə qohumluq əlaqələri olub.

Vaxt ötür və Lidiya Qabel artıq lüteran icmasının üzvü kimi alman mənşəyini bərpa etmək qərarına gəlir. O, 2000-ci ildə Almaniyaya köçmək üçün bu ölkənin hökumətinə müraciət edir. Lidiya Qabel bir neçə il öz milliyyəti ilə bağlı Almaniya hökuməti ilə müzakirələr aparır və yekunda onun xahişi qəbul edilmir. Axı o və atası pasportda rus kimi göstərilirdi.

Lidiya Qabel Nizami rayon Məhkəməsinə iddia ilə müraciət etsə də, yenə məhkəmə prosesini uduzur. İş burasındadır ki, dəqiq təlimatlara əsasən, valideynlərdən birinin milliyyətinin alman olduğu göstərilsəydi, onu alman kimi tanımaq olardı. Lakin indiki halda hər iki valideyn rus kimi qeyd olunurdu. Üstəlik, Qabelin atası artıq vəfat etmişdi.

Lidiya Qabel 2010-cu ildə bütün məhkəmə instansiyalarını keçdikdən və mübahisəni uduzduqdan sonra Eldar Zeynalova müraciət edib.

“Biz Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırladıq və 2018-ci ildə bildiriş aldıq ki, məhkəmə Azərbaycan hökuməti ilə əlaqə proseduruna başlayıb. Azərbaycan hökuməti məsələyə baxaraq, Lidiya Qabelin alman kimi tanınmasına dair qərar qəbul edir. Bu, 2018-ci il dekabrın 28-nə təsadüf edir”, - E.Zeynalov deyib.

Hüquq müdafiəçisi bundan sonra Qabelin işinə baxılmasının dayandırılması üçün Avropa Məhkəməsinə müraciət edir.

Maraqlıdır ki, Qabelin ailəsi vaxtilə Azərbaycanda kifayət qədər tanınıb və 1895-ci ildə Bakının Sabunçu rayonunda anadan olmuş sovet diplomatı və kəşfiyyatçısı Rixard Zorge ilə sıx dostluq edib.

Məhz Zorge Almaniyanın SSRİ-yə hücum niyyəti barədə Moskvaya ilk məlumat verənlərdən biridir. Almanlar artıq Moskva ətrafında olanda məlumat vermişdi ki, Yaponiya SSRİ ilə müharibəyə başlamaq niyyətində deyil. Bundan xəbər tutan sovet ordusu Moskvanın müdafiəsini gücləndirmək üçün tədbirlər görməyə başlayır. Bununla da paytaxtı qorumaq mümkün olur.

Kəşfiyyatçı 1944-cü ilin noyabrında müharibənin bitməsi ərəfəsində ölüb.

 









Redaktorun seçimi