Sevgililər günündə gənclər hansı hədiyyələri seçir?

Hit: 920
Sevgililər günündə gənclər hansı hədiyyələri seçir?

14 fevral – dünyanın bir çox ölkəsində Sevgililər günü kimi qeyd edilir. Bu bayram Avropada XIII əsrdən, ABŞ-da 1777-ci ildən, Sovet ölkələrində isə 1990-cı ildən etibarən qəbul edilib. Roma Katolik Kilsəsinin inancına söykənən bu tarix qədim Roma İmperatorluğu zamanına qədər gedib çıxır və bir növ Valentin və İmperator II Klavdinin adı ilə bağlanır.

Valentinin ölümündən uzun zaman sonra 496-cı ildə Roma Papası Helasius 14 fevral gününü Müqəddəs Valentin Günü kimi qəbul edib. Müqəddəs Valentinin cəsədi hələ də saxlanılmaqdadır. Şotlandiyanın Qlazqo şəhərində yerləşən Roma-Katolik kilsəsinə gəlib Valentindən saf məhəbbət istəyən insanların sayı hər il getdikcə artır.

Dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də cütlüklər bu günü xüsusiləşdirməyə, bir-birlərinə hədiyyə almaqla günü xoş xatirələrlə yadda saxlamağa çalışırlar.

 

Bəs bu gün ölkəmizdə hədiyyə seçimində daha çox nələrə üstünlük verilir? Ümumiyyətlə, hədiyyə seçimi necə olmalıdır?

 

“AQAT” Təbii Daşlar Aləminin qurucusu Aslan Abbaszadə qeyd edib ki, sevgi insana bəxş edilən ən ülvi hisslərdəndir: “Sevgisiz bir insanı təsəvvür etmək qeyri-mümkündür. Hər bir insanın özünün sevgi anlayışı onun düşüncə tərzindən asılı olaraq dəyişir. Zaman nə qədər dəyişsə də sevgi olduğu kimi qalmaqdadır. Sevgililər bir-birilərini məmnun etmək üçün xoş sözlər işlədir, hədiyyələr bağışlayırlar. Adətən, bu hədiyyələri mənalı etmək üçün onlara özəl olan bir şey seçilir, məsələn, təbii daş olacaqsa, çalışırlar ki, cütlüklərə özəl olsun, sevgi daşı olsun, bir-birini bağlayan nə isə olsun. Ətir, yumşaq oyuncaqlar, saat və s. hədiyyələrdən əlavə son zamanlar sevgililər bir-birinə təbii daşdan olan aksesuarlar, suvenirlər də hədiyə edirlər. Onlar sahibinə xoş hisslər yaşatmaqdan əlavə, ömürlük saxlayacağı bir hədiyyə kimi qalacaq. Əksərən sevgililərin hədiyyə üçün müraciət forması “qolbaq”, “kulon” və s. qismində olur. Sevgi insanı yaşadan ülvi hissdir, sevgi ilə qalın”.

 

“Cənnət Flowers” gül salonunun əməkdaşı bildirib ki, hazırda gənclər gülə üstünlük vermirlər: “Gənclərin əksəriyyətini tələbələr təşkil etdiyi üçün onlar da maddi cəhətdən ucuz hədiyyələrə üstünlük verirlər. Hədiyyə seçimində zövq önəmlidir. Yəni hər kəs öz zövqünə görə hədiyyə seçir. Amma keçən illərə nisbətən gül satışında azalma müşahidə edirik. Ötən ilə baxdıqda güllərə tələbat çox azalıb”.

 

“Gloria Flowers” gül mağazasının əməkdaşı Çingiz Tağıyev isə əlavə edib ki, güllərin qiyməti onun növündən və yığılacaq buketdən asılı olaraq dəyişir: “Bizim mağazadan əsasən gül alınır. Kimin zövqünə nə uyğundursa, ona da üstünlük verirlər. Qızılgülün qiyməti 4 manatdır. Ümumiyyətlə, isə güllərin qiyməti onun növündən, boyunun uzunluğundan asılı olaraq dəyişir. Belə ki, uzunluğu 1.20 sm olanların qiyməti 10 manatdır. Yəni gülün uzunluğu artdıqca qiymət də artır”.(azadinform)









Redaktorun seçimi