"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI

Hit: 411
"Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI
"İş-güc qurtarıb e. Filmdir, dəvət etdilər, çəkildik, qurtardı getdi. Hansı filmin daha güclü olduğunu deyə bilmərəm. Belə müqayisə düzgün deyil e. Birinci filmin ssenarisini Vaqif Səmədoğlu yazıb, ikincisini isə Tahir İmanov və komandası. Hərənin öz fikri, ideyası var. Gərək ayrı ad qoyaydılar? Burada mövzu da başqadır, oyun tərzi də ayrıdır. Əgər birinci və ikinci seriya söhbəti olsaydı, tənqidlər haqlıydı".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında xalq artisti Valeh Kərimov "Bəxt üzüyü 2" filminə çəkilməsi ilə bağlı edilən tənqidlərə cavab verərkən səsləndirib. Xalq artisti deyib: 

"Fİlmi sevdiklərindən belə ediblər. Müğənnilərə min cür parodiya edirlər. O parodiyaları da sevdiklərindən edirlər də. İstəyiblər ki, o adla yeni fikir desinlər. Dünya ədəbiyyatında, dramaturgiyasında, kino sənətində belə şeylər çoxdur. Bizə çatanda başlayırlar ki, o belə idi, bu belə idi. Axı niyə müqayisə edirik ki?"

V.Kərimov filmdən aldığı qonorarın təxmini məbləğini də açıqlayıb:

 

"Hərə bir söz uydurur. Deyirlər ki, iyirmi min qonorar almışam. Hardandı onlarda o qədər pul ki, mənə də iyirmi min versinlər? Heç o pulun onda birini də almamışam. Aldığım qonorar min manatdan bir az artıq idi. Heç birinci filmdə aldığım qonorar yadımda deyil. özüm də "Bəxt üzüyü"nə cəmi üç dəfə baxmışam. Pul qalmır e, filmin keyfiyyəti qalır. Bu filmə də kinoteatrda cəmi bir dəfə baxmışam".

Qeyd edək ki, Afaq Bəşirqızı (Söylü) və Valeh Kərimovun (Moşu) baş rollarını oynadığı "Bəxt üzüyü" filmi 1991-ci ildə Ramiz Əzizbəyli tərəfindən Vaqif Səmədoğlu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib. "Bəxt üzüyü 2" filmi isə 2018-ci ildə lentə alınıb. 









Redaktorun seçimi